Kreml ABŞ-la İran arasında elan edilmiş atəşkəs razılaşmasını alqışlayır və tərəflər arasında birbaşa əlaqələrin yaxın gələcəkdə baş tutacağına ümid edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kremldə ABŞ-İran atəşkəsi xəbərini məmnuniyyətlə qarşılayıblar.
Peskov deyib ki, Kreml əvvəlcədən Yaxın Şərqdə eskalasiyadan tez bir zamanda diplomatiya yoluna qayıtmağın vacibliyindən danışıb.
“Rusiya ümid edir ki, ABŞ və İran danışıqlar masasında öz maraqlarını müdafiə edəcək”, - Kremlin sözçüsü vurğulayıb.
Peskov Ukrayna nizamlanması ilə bağlı da danışıb. O qeyd edib ki, Ukrayna və İran nizamlama prosesləri yalnız dolayı yolla bağlıdır.
O, Kremlin Amerika danışıqçılarının yaxın gələcəkdə Ukrayna nizamlanması üzərində işləmək üçün daha çox imkana sahib olacaqlarına ümid etdiyini bildirib.
Peskov Rusiyanın Trampın və Amerika danışıqçılarının Ukrayna istiqamətindəki sülhməramlı səylərini yüksək qiymətləndirdiyini əlavə edib.