Minsk və Gəncə zavodları arasında imzalanan yeni saziş Azərbaycan ilə Belarus arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
Musavat.com xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev Gəncə Avtomobil Zavodunda Minsk Avtomobil Zavodunun şassisi əsasında yeni kommunal texnika partiyasının (100 ədəd) yığılması haqqında sazişin imzalanma mərasimində deyib.
Bu saziş Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko tərəfindən verilmiş tapşırıqların icrası çərçivəsində imzalanıb.
Sənəd «MAZ» ASC-nin baş direktoru Valeri İvankoviç ilə birlikdə imzalanıb.
Gəncə Avtomobil Zavodu ilə MAZ arasında əməkdaşlıq çərçivəsində istehsal olunan kommunal texnika Gəncədə hazırlanaraq yığılmış müasir avadanlıqla təchiz olunur. Bu texnika respublika üzrə şəhər infrastrukturunun xidmətində istifadə üçün nəzərdə tutulub. Layihə ölkənin kommunal texnika parkının yenilənməsinə töhfə verir.