AZ

Kollektorların üzərindəki 1600 ə yaxın tikili: onlar söküləndə sahiblərinə kompensasiya verilməlidirmi?

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakıda və Abşeron yarımadasında böyük söküntülərin aparılacağı gözlənilir. Dövlət qurumlarından verilən açıqlamalar belə deməyə əsas verir.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Bakıda kanalizasiya və yağış kollektorlarının üzərində, yaxud da mühafizə zolağında 1600-ə yaxın tikilinin olduğunu açıqlayıb.

Aprelin 5-də yağış zamanı Keşlə qəsəbəsində Rəşid Bağırov küçəsində evlərin hündürlüyü az qala, iki metrə çatan su altında qalmasına səbəb kimi də məhz yağış kollektoru üzərindəki tikililər göstərildi. Daha dəqiq desək, ərazidəki yağış kollektorunun üzərində ev tikildiyinə görə kollektordakı qəzanın vaxtında aradan qaldırılmadığı, bu səbəbdən yağış sularının kollektora axmadığı, nəticədə belə bir vəziyyət yarandığı deyilir.

Həmin evin sahibinin bildirdiyinə görə, təxminən iki ay əvvəl evin bünövrəsində çökmə başlayıb. Onda xəbər tutub ki, ev kollektorun üzərində inşa olunub. Onun sözlərinə görə, evi təxminən 13 il əvvəl bələdiyyə sərəncamı ilə alıb və orada qeydiyyatdadır.

İki ay əvvəl problem ortaya çıxanda müvafiq qurumlara məlumat verilib. Lakin problemin həlli yubanıb və nəticədə aprelin 5-də müşahidə olunan mənzərə ortaya çıxıb. Rəsmi məlumatda bildirilir ki, kollektorun üzərində ev olduğuna görə qəzanı dərhal aradan qaldırmaq mümkün olmayıb.

Aprelin 5-də ərazidə baş verənlərdən sonra elə həmin gün axşamdan başlayaraq, ev sökülüb.

Həmin evlə yanaşı, ərazidəki digər evlərin sakinləri aprelin 5-də çıxarılıb və təhlükəsizlik baxımından evlərinə qayıtmamaları barədə xəbərdar ediliblər. Bizimyol.info xəbər portalının əldə etdiyi məlumata görə, artıq digər evlərin də söküntüsü ilə bağlı proses başlayıb, sakinlərlə bu istiqamətdə danışıqlar gedir.

“Bildiyimizə görə, artıq məhkəməyə verilənlər də var”, - sakinlərdən biri deyib.

ADSEA-dan isə bildirilib ki, kollektorların üzərində tikilən evlərin sakinlərinə bir neçə dəfə şifahi və yazılı formada məlumat verilib, bu cür halların baş verə biləcəyi haqda xəbərdar olunublar. Kollektorların üzərində, mühafizə zolaqlarındakı tikililər onların istismarı, təmir və bərpası ilə bağlı problemlər yaradıb.

Bəs sökülən evlərin sakinlərinə kompensasiya ödəniləcəkmi? Vətəndaşların cavab almaq istədikləri əsas sual budur. ADSEA kompensasiya ödənişi ilə bağlı məsələnin onların səlahiyyətində olmadığını bildirir.

Rəsmilər tez-tez açıqlamalarında bu cür evləri “qanunsuz tikili” adlandırırlar, onların çıxarışının olmamasına diqqət çəkirlər.

Hüquqşünas Tərlan Yusfizadə deyir ki, sökülən evlərə mütləq kompensasiya ödənilməlidir. Hətta çıxarışları olmasa belə. Hüquqşünas Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına istinad edərək fikrini əsaslandırır:

“Araşdıranda görürük ki, söküləcək evlərin əksəriyyəti bələdiyyə sərəncamı ilə satılmış torpaqlarda inşa edilmiş evlərdir. Həmin evlərdə 20-25 ildir yaşayış var. Bu müddətdə onlar kommunal xidmətlərdən istifadə ediblər, dövlətə elektrik enerjisi, su, qazdan istifadəyə görə pul ödəyiblər. Deməli, dövlət orqanları onillərdir bu ərazidə həmin evlərin mövcudluğunu bilib, amma heç nə deməyib. Faktiki razılıq verib. Başqa sözlə, onların mülkiyyət hüququnu tanıyıb. Avropa Məhkəməsinin qərarlarında yanaşma məhz belədir”.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr