AZ

Vasif Məhərrəmlidən təklif: “Boşanmalar gizlədilsin, pis təsir edir”

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

Efir və saytlarda boşanma statistikalarının açıqlanması cəmiyyətdə heç də birmənalı qarşılanmır. Hətta bəzi tanınmış simalar belə həmin statistikanın açıqlanmasının doğru olmadığı qənaətindədir. Əməkdar artist Vasif Məhərrəmli iddia edir ki, bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır və ümumilikdə cəmiyyət üçün mənfi psixoloji fon formalaşdırır. Onun fikrincə, sözügedən istiqamətdə açıqlanan rəqəmlər həm ölkənin adına, nə də insanların psixologiyasına mənfi təsir göstərir.

Sosioloq Elçin Bayramlı Bakupost.az-a bildirib ki, sosial, o cümlədən boşanma məsələlərilə bağlı statistikanın gizlədilməsi problemin həllinə deyil, əksinə onun daha da kəskinləşməsinə gətirib çıxaracaq:

“Bunu deyən Vasif Məhərrəmli tamamilə haqsızdır. Məsələyə bu tərzdə yanaşmaq doğru deyil. Statistikanı gizlətmək heç də problemin həllinə xidmət etmir”.

Ekspert deyir ki, statistik göstəricilər qanunun tələbidir:

“Dövlət Statistika Komitəsi tərəfindən bütün sahələrdə hesabatlar aparılır, rəqəmlər açıqlanır və onun əsasında da işlər görülür. Ölkədəki mövcud vəziyyət məlum olmalıdır ki, dövlət orqanları da onunla bağlı iş aparıb, problem həll edə bilsin. Problemi gizlətmək isə onu ört-basdır etmək deməkdir və işin gedişinə heç bir fayda vermir. Evdəki zibili atmayıb, onun üstünü örtmək heç də problemin həlli deyil, onu yığışdırmaq lazımdır”.

Sosioloqun sözlərinə görə, yalnız kriminal hadisələrə münasibətdə statistika açıqlanmaya bilər:

“Çünki belə hadisələr gənclərdə neqativ psixologiya formalaşdırır. Amma sosial həyatdakı vəziyyət bilinməlidir, statistik göstəricilər görünməlidir. Məhz problemin görünməsi nəticəsində onun həllinə doğru addım atılır. Problem işıqlandırılmasa, heç kim ondan narahat olmasa, onun həlli də mümkün olmayacaq və vəziyyət daha da pisləşəcək”.

Rüfət Sultan, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
www.bakupost.az

1Mənbələr