ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Atəşkəsə baxmayaraq, müharibə zamanı bağlanmış Hörmüz boğazında gəmilərin hərəkətində heç bir nəzərəçarpacaq dəyişiklik yoxdur.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentlik qeyd edir ki, Fars körfəzindəki 800-dən çox gəminin bir aydan çoxdur ilişib qaldıqları tələdən çıxmasına dair heç bir əlamət yoxdur.
“Bloomberg”-in məlumatına görə, gəmi sahibləri Hörmüz boğazını keçməyə hələ ki, risk etmirlər. Onlar sığortaçılar və təhlükəsizlik məsləhətçiləri ilə əlaqə saxlayaraq, gəmilərini təhlükəsiz keçidə hazırlamağa çalışırlar.
Bundan öncə İran bildirib ki, "texniki məhdudiyyətlər" çərçivəsində və İran ordusu ilə koordinasiyaya tabe olmaqla, iki həftə ərzində gəmilərin Hörmüzdən təhlükəsiz keçidini təmin etməyə razıdır. Bu arada, Tramp Hörmüz boğazının "TAM, DƏRHAL VƏ TƏHLÜKƏSİZ AÇILIŞINI" elan edib. Ayrı bir paylaşımda Tramp ABŞ-nin "trafik axınının artmasına kömək edəcəyini" və "yaxınlıqda olacağını" yazıb.
Hazırda Fars körfəzində xam neft, müxtəlif neft məhsulları və yanacaq daşıyan 426 tanker, 34 mayeləşdirilmiş neft və 19 mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi, 238 toplu yük daşıyıcısı və bir sıra konteyner gəmisi var.
Mütəxəssislərin fikrincə, ən yaxşı ssenaridə belə, daşımaların tam bərpası müəyyən vaxt aparacaq və buna 24 saat ərzində nail olmaq mümkün deyil.
Tanker sahibləri, sığortaçılar və heyət üzvləri riskin müvəqqəti olaraq deyil, tam aradan qalxdığına əmin olmalıdırlar.
Yaxın Şərqdə müharibə başlamazdan əvvəl Hörmüz boğazından hər iki istiqamətdə hər gün təxminən 135 gəmi keçirdi.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.