AZ

Şəxsi faciənin ictimailəşməsi cəmiyyətdə necə qarşılanır? EKSPERT RƏYİ

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə insanların şəxsi və ən həssas anlarını belə ictimailəşdirməsi artıq nadir hal deyil. Lakin bəzi hadisələr cəmiyyətdə daha güclü rezonans doğurur və etik, psixoloji və sosial baxımdan ciddi müzakirələrə səbəb olur. Xüsusilə ailə faciəsi kimi dərin emosional yük daşıyan məqamların canlı yayımlanması və bununla paralel maddi dəstək çağırışlarının edilməsi ictimai narazılıq yaradır və müxtəlif suallar doğurur. Belə hallar bir tərəfdən fərdi davranış kimi görünsə də, digər tərəfdən sosial media mədəniyyətinin, dəyərlər sisteminin dəyişməsinin və cəmiyyətin reaksiyalarının bir parçası kimi qiymətləndirilir.

Avtosfer.az xəbər verir ki, belə hadisələrdən biri də ötən gün Sumqayıtda baş verib. Sosial şəbəkədə canlı yayım açaraq övladının dəfn prosesini göstərən və videogörüntüyə kart hesabı əlavə edərək izləyicilərdən ekrana klikləməsini istəyən 9 uşaq atası cəmiyyətdə böyük narazılıq yaradıb. Bu hansı psixoloji vəziyyətin göstəricisi ola bilər? Bu davranışı travma, diqqət ehtiyacı, yoxsa sosial media asılılığı ilə izah etmək daha doğrudur?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Avtosfer.az-a açıqlamasında bildirib ki, sözügedən şəxsin etdiyi hərəkət də birbaşa şüursuz addım kimi qiymətləndirilə bilər. Çünki insanlar artıq həyat tərzlərini sosial şəbəkələr üzərində qurmağa başlayıblar:

“Ümumiyyətlə, bu cür addımlarda əvvəlcə psixoloji yanaşma olduqda biz bunu “yönəltmə” adlandırırıq. Yəni insanlar artıq öz davranışlarını müəyyən istiqamətdə yönləndirirlər. İstər sosial asılılıq olsun, istərsə də digər psixoloji asılılıqlar burada bu yönəliş iki yerə ayrılır: şüurlu və şüursuz addımlar. Şüurlu addımlar adətən yadda qalmır, lakin şüursuz addımlar yadda qalaraq sanki sürətlə yayılmağa başlayır.  Stereotiplərə baxdığımız zaman müxtəlif şəxsiyyət tiplərini, psixoloji xüsusiyyətləri və psixoloji gərginlik yaşayan insanları müəyyən qədər ayıra bilirik. Bu baxımdan yanaşdıqda isə yalnız bir şəxsə fokuslanmaq doğru deyil. Nəzərə almaq lazımdır ki, o insan bir atadır və övladını itirib. Bəlkə də onun bacardığı reaksiya forması məhz budur. Buna görə də onun davranışını təkcə qınamaq yox, daha geniş çərçivədə qiymətləndirmək lazımdır. Çünki hər bir insan özünəməxsus şəkildə şüurlu və ya şüursuz addımlarla reaksiya verir. Eyni zamanda, ümumiyyətlə sosial şəbəkələrdə bu cür paylaşımlara diqqət yetirmək vacibdir. Bəzən elə ibrətamiz fikirlər və paylaşımlar olur ki, insan onlardan doymur. Digər tərəfdən isə görürük ki, bəzi insanlar, hətta mütəxəssislər belə, gecəni oyaq qalaraq canlı yayımlar açır, faydalı olmağa çalışır, lakin özlərində yaranan psixoloji gərginliyi və sarsıntını nəzərə almırlar. Bu baxımdan sosial media asılılığının getdikcə geniş yayıldığını müşahidə edirik və bu da yönəliş vasitəsilə özünü göstərir. Yönəliş isə qeyd etdiyimiz kimi şüurlu və şüursuz addımlara bölünür. Şüurlu paylaşımları “TikTok”, “Instagram” və “Facebook” kimi platformalarda aydın şəkildə görmək və həmin insanların şəxsiyyət xüsusiyyətlərini müəyyən etmək mümkündür. Lakin şüursuz addımlar isə daha çox kənardan baxıldıqda müzakirələrə və müxtəlif reaksiyalara səbəb olur”.

Sosioloq Naib Niftəliyev isə deyib ki, sosial şəbəkələrdə canlı yayım etmək məsələsinin qəbiristanlığa qədər irəliləməsi yaxşı əlamət deyil. Yəni insanlar artıq şəxsi məkan, şəxsi çevrə və şəxsi sirr anlayışını sanki yadlaşdırıb, itirməyə başlayıblar:

“Adi bir situasiyada belə ciddi səbəb və ya motiv olmadan öz şəxsiyyətlərini əhəmiyyətli dərəcədə ictimailəşdirməyə meyillidirlər. Qapalı sahələrin bu şəkildə itməsi müəyyən mənada cəmiyyətdə qınaq və narazılıq doğuran əsas səbəblərdən biridir. Digər tərəfdən isə cəmiyyətin özü də son dövrlərdə bu cür tendensiyalara meyil göstərdiyi üçün bəzi şəxslər bu prosesdən manipulyasiya etməyə çalışır və sosial şəbəkələrin verdiyi imkanlardan istifadə edərək həyatlarının detallarını ictimailəşdirməyə, maksimum diqqəti öz üzərlərinə yönəltməyə çalışırlar.

İstənilən halda başqalarından nəsə ummaq, gözləmək və ya çətin, faciəli vəziyyəti bu cür vasitələrlə təqdim etmək və bundan faydalanmağa çalışmaq xoş qarşılanmayan bir haldır. Əgər insanın sosial dəstəyə ehtiyacı varsa, bunu daha rəsmi qaydada etmək mümkündür. Lakin açıq şəkildə insanları hədəfə çevirmək, ittihamlar səsləndirmək və cəmiyyətdə fərqli qrupları bu prosesə cəlb etmək narazılığın əsas səbəblərindən biridir. Bu baxımdan üzə çıxan problem aydındır. İnsanlar sosial şəbəkələrə həddindən artıq meyilləndikləri üçün hər bir məsələnin həllini kamera qarşısına keçməkdə və ictimaiyyətə yerli-yersiz müraciət etməkdə görürlər. Bu zaman bəzən dolayı, şantaj xarakterli ifadələrdən və ya hiss olunmayan psixososial təsir üsullarından istifadə edilərək diqqət cəlb etməyə və bundan faydalanmağa çalışılır. Halbuki şəxsi həyat müəyyən qədər qapalı qalmalıdır. Şəxsiyyətin tam şəkildə əlçatan olması məqsədəuyğun deyil. İnsanlar problemlərini həll etməyə çalışmalıdır, lakin bu daha çox konstruktiv və sağlam yollarla həyata keçirilməlidir. Sosial problemlər cəmiyyətin ümumi problemləridir və onların həlli də daha çox kollektiv yanaşma tələb edir. Fərdi problemlərin bu şəkildə ictimailəşdirilməsi isə cəmiyyətin kütləvilikdən fərdiləşməyə keçidini göstərir. Bu proses mənfi sosiallaşma fonunda baş verdikdə, mənfi nəticələr qaçılmaz olur. Əvvəllər qəbiristanlıq və dəfn mərasimləri daha qapalı və məhdud məkanlar hesab olunurdu. Bu kimi mərasimlərdə etik qaydalar və sosial normalar daha ciddi qorunurdu. Lakin bu gün bəzi hallarda insanlar dəfn prosesini əvvəldən sona qədər canlı yayımlayır, hətta vəfat etmiş şəxslə bağlı görüntüləri paylaşmağı adi hal kimi qəbul edirlər. Bu isə dəyərlərin deformasiyaya uğradığını göstərir. Belə vəziyyətlər cəmiyyətdə psixososial reabilitasiya və maarifləndirmə ehtiyacının artdığını göstərir. İnsanlara düzgün nümunələr təqdim edilməli, etik davranışlar təşviq olunmalıdır. Dəfn mərasimləri zamanı vəfat etmiş şəxsin ruhuna hörmətlə yanaşmaq, mövcud qaydalara və məhdudiyyətlərə riayət etmək vacibdir. Əks halda, cəmiyyət üçün müqəddəs hesab olunan dəyərlərin zəifləməsi riski yaranır. Bütün bunlar müxtəlif sosial fəsadlara gətirib çıxarır. İnsanlar zamanla yaxşı ilə pisi, müsbət ilə mənfini ayırmaqda çətinlik çəkə, hətta bu anlayışları qarışdıra bilərlər. Bu isə ifrat sosiallaşma və ifrat şəbəkələşmənin yaratdığı əsas problemlərdən biridir”.

Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
avtosfer.az

1Mənbələr