AZ

Kir Starmer: Böyük Britaniya ABŞ-İran atəşkəsini dəstəkləmək üçün əlindən gələni edəcək

London, 8 aprel, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasını dəstəkləmək məqsədilə Körfəz regionuna səfərə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, Baş nazir bu gün region ölkələrinin liderləri ilə görüşərək atəşkəsin qorunması və möhkəmləndirilməsi istiqamətində diplomatik səyləri müzakirə edəcək. O bildirib ki, London tərəfdaşları ilə birlikdə bu razılaşmanın davamlı sülhə çevrilməsi üçün bütün imkanlardan istifadə etməyə hazırdır. Kir Starmer ABŞ və İran arasında gecə saatlarında əldə olunan razılaşmanı alqışlayaraq qeyd edib ki, bu addım həm region, həm də dünya üçün rahatlıq yaradır.

Baş nazirin sözlərinə görə, əsas məqsəd atəşkəsi uzunmüddətli razılaşmaya çevirmək və strateji əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsiz keçidi bərpa etməkdir.

Böyük Britaniya hökuməti bildirib ki, Kir Starmer Körfəzə səfəri zamanı son həftələrdə ön cəbhədə olan ölkələrin liderləri ilə görüşəcək və Londonun sarsılmaz dəstəyini bir daha vurğulayacaq.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Seçilən
11
1
azertag.az

2Mənbələr