AZ

Kafe-restoranlar daha TEZ bağlana bilər? – İKİ RƏY

“Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur”.

Bu mövzuda Demokrat.az-a açıqlama verən deputat Ceyhun Məmmədov işığa və suya qənaət yalnız fövqəladə hallarla məhdudlaşmamalı olduğunu bildirib.

“İnsanlar bütün hallarda bu məsələyə diqqət yetirməli, bu nemətlərin dəyərini və qiymətini düzgün qiymətləndirməlidirlər. Bu resurslar bizə bəxş olunmuş dəyərlərdir və onlardan səmərəli və düzgün istifadə etmək hər kəsin məsuliyyətidir. Təəssüf ki, cəmiyyətimizdə həm su, həm elektrik enerjisi, həm də qida sahəsində ciddi israfçılıq halları müşahidə olunur. Bu isə resurslardan qeyri-effektiv istifadə ilə nəticələnir”.

O deyib ki, yaxın dövrdə enerji daşıyıcılarının qiymətlərində artım davam edə bilər:

“Bu səbəbdən belə addımların atılması günün tələbi kimi qiymətləndirilir. Bu proseslər mütləq şəkildə düşünülmüş, təhlil edilmiş və planlı şəkildə həyata keçirilməlidir ki, real nəticə əldə olunsun. Əks halda, görülən tədbirlər istənilən effekti verməyəcək. Azərbaycana gəldikdə isə, hazırda belə ciddi bir zərurət və ya təhlükə mövcud deyil. Çünki Azərbaycan neft ixrac edən ölkədir və enerji resursları baxımından təminatlıdır. Lakin buna baxmayaraq, insanlar gündəlik həyatlarında suya, elektrik enerjisinə və digər resurslara qənaətlə yanaşmalı, israfçılıqdan çəkinməlidirlər. Bu, həm iqtisadi, həm də sosial baxımdan daha düzgün və məsuliyyətli davranış hesab olunur”.

Qeyd edək ki, Misir Yaxın Şərqdəki müharibə səbəbindən elektrik enerjisinə qənaət etməyə başlayıb. Mağazalar və kafelər daha tez bağlanacaq, ticarət mərkəzləri, restoranlar və mağazalar həftənin beş günü saat 21:00-da, həftəsonları isə saat 22:00-da bağlanmalıdır. Enerjiyə qənaət tədbirləri reklam lövhələrinin işıqlarının söndürülməsi, küçə işıqlandırmasının minimuma endirilməsi və bir çox dövlət qurumlarının saat 18:00-da bağlanmasını əhatə edir. Hakimiyyət həm dövlət, həm də özəl sektorda həftədə bir-iki gün məsafədən işləməyi düşünür.

Azərbaycanda da bənzər məhdudiyyətlərə gedilə bilərmi? Məsələn, kafe-restoranların daha erkən bağlanması, reklam lövhələrinin işıqlarının söndürülməsi, küçə işıqlandırmasının minimuma endirilməsi mümkündürmü?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib:

“Düşünmürəm ki, Azərbaycanda, xüsusilə də Bakı şəhərində belə məhdudiyyətlərə real ehtiyac var. Mövcud vəziyyəti və qlobal tendensiyaları nəzərə aldıqda görünür ki, bu cür məhdudiyyətlərin tətbiqi daha çox müvəqqəti xarakter daşıyır və konkret geosiyasi şəraitlə bağlı olur. Halbuki hazırda dünyada, xüsusilə də Yaxın Şərq regionunda müşahidə olunan proseslər müharibə ocaqlarının tədricən səngiməsi, gərginliyin müəyyən qədər azalması və sabitliyin bərpa olunmasına yönəlmiş addımlar belə məhdudiyyətlərin aktuallığını getdikcə zəiflədir. Bu kontekstdə hesab edirəm ki, yaxın perspektivdə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da, xüsusilə paytaxt Bakı şəhərində bu tip məhdudiyyətlərin tətbiqinə ehtiyac yoxdur.

Digər tərəfdən, Bakı kimi dinamik, açıq və beynəlxalq əlaqələrin intensiv olduğu bir şəhərdə məhdudiyyətlərin tətbiqi həm şəhərin sosial həyatına, həm iqtisadi aktivliyinə, həm də ümumi atmosferinə mənfi təsir göstərə bilər. Bu baxımdan belə yanaşmanın nə zəruri, nə də uzunmüddətli perspektivdə əsaslı olduğunu düşünürəm”.

Rusiyadakı

Sosioloq Üzeyir Şəfiyev də qeyd edib ki, məhdudiyyətlərlə bağlı məsələ kifayət qədər mübahisəlidir və bu mövzuya daha geniş və çoxşaxəli yanaşmaq lazımdır:

“Problemin kökündə isə, əslində, bir çox hallarda israfçılıq dayanır. Bu israfçılıq da ondan qaynaqlanır ki, bəzi insanlar gündəlik istifadə etdikləri resursların, o cümlədən suyun, elektrik enerjisinin və digər enerji mənbələrinin dəyərini və onların düzgün idarə olunmasının vacibliyini tam şəkildə dərk etmirlər. Nəticədə isə həm fərdi səviyyədə, həm də ümumi cəmiyyət miqyasında lazımsız və həddindən artıq istifadə halları baş verir.

Bu baxımdan düşünürəm ki, məsələni məhdudiyyətlər tətbiq etməklə həll etməkdən daha çox, maarifləndirmə və düzgün yönləndirmə yolu ilə həll etmək daha effektiv olar. İlk növbədə ailə büdcəsinin düzgün planlaşdırılması məsələsi ön plana çəkilməlidir. İnsanlara izah olunmalıdır ki, israfçılıq yalnız ümumi resursların tükənməsinə deyil, eyni zamanda onların şəxsi maliyyə vəziyyətinə də mənfi təsir göstərir. Ailələr xərclərini planlı şəkildə idarə etməyi öyrənməli, enerji və su istifadəsində qənaət prinsiplərinə əməl etməlidirlər”.

Sosioloq həmçinin, vurğulayıb ki, bu proses məktəbdən başlamalıdır: “Uşaqlara erkən yaşlardan etibarən qənaət mədəniyyəti aşılanmalı, onlara suya, elektrik enerjisinə və digər resurslara məsuliyyətli yanaşma öyrədilməlidir. Təhsil proqramlarında bu mövzuya xüsusi yer ayrılmalı, maarifləndirici tədbirlər, kampaniyalar və təşviqedici layihələr həyata keçirilməlidir. Cəmiyyət səviyyəsində isə bu istiqamətdə geniş təbliğat aparılmalı, insanların diqqəti bu məsələyə daha çox yönəldilməlidir.

Bununla yanaşı, müəyyən nəzarət və monitorinq mexanizmlərinin tətbiqi də vacibdir. Hesab edirəm ki, müvafiq qurumlar tərəfindən aparılan monitorinqlər nəticəsində hansı fiziki və ya hüquqi şəxslərin resurslardan daha çox və ya qeyri-səmərəli istifadə etdiyi müəyyən edilə bilər. Bu isə gələcəkdə daha hədəfli tədbirlərin görülməsinə imkan yaradar. Eyni zamanda, bu sahədə inzibati nəzarət sisteminin də müəyyən çərçivədə gücləndirilməsi məqsədəuyğun ola bilər”.

Lakin bütün bunlara baxmayaraq, sosioloq hesab edir ki, sərt və ümumi məhdudiyyətlərin tətbiqi, məsələn, gecə saatlarında obyektlərin bağlanması kimi addımlar düzgün yanaşma hesab edilə bilməz: “Belə qərarlar sahibkarların, iş adamlarının və tacirlərin fəaliyyətini məhdudlaşdırmaqla yanaşı, onların gəlir imkanlarına da ciddi təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, bəzi fəaliyyət sahələrində məhz gecə saatları daha yüksək iqtisadi aktivlik və gəlir deməkdir. Bu səbəbdən də bu tip məhdudiyyətlər iqtisadi baxımdan arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.

Xalidə Gəray,
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr