AZ

Akademik: Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər türk xalqlarının inteqrasiyasına töhfə verir

Bakı, 8 aprel, AZƏRTAC

Birinci Türkoloji Qurultayın keçirildiyi 1926-cı ilə qədər dünyada bu miqyasda türkoloji tədbir baş tutmamışdı. Qurultayın əsas əhəmiyyəti ondadır ki, o, türk xalqlarının birliyini və həmrəyliyini ortaya qoyan, eyni zamanda, onların gələcək vəzifələrini müəyyənləşdirən ilk mötəbər elmi platforma kimi dünya elm tarixinə daxil olub.

Qurultayın digər mühüm cəhəti Türk dünyasının coğrafi sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlıdır. Qurultayda iştirak edən 131 nümayəndə, demək olar ki, Avrasiyanı əhatə edən geniş bir coğrafiyanın təmsilçiləri kimi çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransında deyib. O bildirib ki, Birinci Türkoloji Qurultayın ən böyük nailiyyətlərindən biri türk xalqlarını birləşdirən vahid latın əlifbasının qəbul edilməsi olub: “Bununla yanaşı, qurultay türk xalqları arasında elmi, mədəni və ictimai-siyasi birliyin formalaşmasına mühüm töhfələr verib. Bu gün, XXI əsrdə türk xalqlarının yeni müstəvidə birliyi, həmrəyliyi və inteqrasiyası istiqamətində atılan addımlarda Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər mühüm rol oynayır. Türk xalqlarının müasir dövrdəki birliyi və inteqrasiyası Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” strategiyası ilə yeni mərhələyə qədəm qoyub. Hazırda Azərbaycan və Türkiyə arasındakı strateji birlik Türk dünyasının daha geniş miqyaslı inteqrasiyası üçün nümunəvi modelə çevrilib”.

Akademik qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və qətiyyətli siyasət nəticəsində bu əməkdaşlıq daha da genişlənərək yeni mərhələyə yüksəlib: “Bu birliyin qorunması və inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər isə bu inteqrasiya proseslərinə mühüm töhfə verməkdə davam edir”.

Seçilən
14
2
azertag.az

3Mənbələr