AZ

"Doktor Maya" klinikasında oğurluq

Nəsimi rayonunda fəaliyyət göstərən "Doktor Maya” klinikasında oğurluq baş verib. 

Klinikada çalışan həkimlərdən birinin 540 manatı oğurlanıb. 

Zərəçəkmiş hadisə haqqında Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. 

Polisin araşdırmaları nəticəsində oğurluğu klinikanın nəzarətçisi törədib. O, klinikanın rəhbərliyinin razılığı ilə orada baş verə biləcək fövqəladə hala nəzarət etmək üçün sözügedən tibb müəssisəsində gecələyirmiş.

Həmin şəxs saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. 

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılıb. 

Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O, əməlindən peşman olduğunu bildirməklə yanaşı dəymiş ziyanı da tam ödədiyini deyib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. 

"Doktor Maya” klinikası 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Klinikanın hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 25B-də yerləşir. Tibb müəssisəsinin qanuni təmsilçisi Süleymanova Züleyxa Nizami qızıdır. 

Klinikanın sahibi isə parazitoloq-qastroenteroloq Maya Rüstəmovadır.  

 

Seçilən
3
1
7news.az

2Mənbələr