AZ

Süni intellekt düşünmə prosesini asanlaşdırmalıdır, onu əvəz etməməlidir - Ekspert

Bakı, 8 aprel, AZƏRTAC

Süni intellekt artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və onun gündəlik istifadə dairəsi sürətlə genişlənir. Lakin bu texnologiyadan təhlükəsiz və məsuliyyətli şəkildə istifadə etmək üçün düzgün yanaşma formalaşdırmaq vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Samsung Electronics”də mobil təhlükəsizlik və süni intellekt həlləri üzrə proqram təminatı mühəndisi Adil Əliyev deyib. O qeyd edib ki, süni intellekti mütləq həqiqət mənbəyi kimi deyil, köməkçi alət kimi qəbul etmək əsas şərtdir: “Bu texnologiya məlumatların xülasəsi, ideyaların yaradılması və mürəkkəb anlayışların sadə izahı baxımından olduqca effektivdir. Amma təqdim olunan məlumatların doğruluğunu yoxlamaq istifadəçinin məsuliyyətində qalır”.

A.Əliyevin sözlərinə görə, istifadəçilər hər zaman əldə etdikləri informasiyanı etibarlı mənbələrlə müqayisə etməli və tənqidi düşüncə yanaşmasını qoruyub saxlamalıdırlar: “Süni intellekt düşünmə prosesini asanlaşdırmalıdır, onu əvəz etməməlidir”.

Mütəxəssis xüsusilə konkret məlumatların təqdim olunduğu hallarda ehtiyatlı olmağı tövsiyə edib: “Dəqiq rəqəmlər, tarixlər, hüquqi və ya tibbi məzmunlar kimi sahələrdə süni intellektin səhv və ya qeyri-dəqiq nəticələr vermə ehtimalı daha yüksəkdir”.

Ekspert əlavə edib ki, süni intellekt düzgün istifadə edildikdə güclü və faydalı alətə çevrilir: “Əgər qərarlarımızı tam şəkildə süni intellektin cavablarına əsaslandırsaq, bu, uzunmüddətli perspektivdə insan faktorunun zəifləməsinə gətirib çıxara bilər”.

Müxbir – Pərvanə Qafarova

Seçilən
12
1
azertag.az

2Mənbələr