AZ

2 milyonluq dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsində zərərçəkmiş dindirildi

Bakıda vətəndaşlara qarşı 2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Cahangir Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Əhməd Mütəllimov dindirilib. 

O, təqsirləndirilən şəxsin suallarını cavablandırıb:

"Cahangir Qəmbərovun 497 min dollar cərimələndiyi ilə bağlı informasiyadan məlumatım yoxdu. Mən ona deməmişəm ki, sənə nə qədər cərimə gəlsə onun yarısı mənlikdi. Ona cərimənin gəlməsinə səbəb sifariş olunan malların gəlməməsi olub. Cahangir Qəmbərova cərimə təkcə bir dəfəyə gəlməyib. Mən ona mal vermişəm iş görmüşük. İrandan və Türkiyədən mal yollamışam. Amma ortada nə mal var, nə də pul. Şükür Şənliklə mənim işbirliyim olub. Master Makina adlı şirkətimiz olub. Amma təqsirləndirilən şəxs onu tanımır. Tanımadığı halda ona necə mal yollaya bilər?"

Təqsirləndirilən şəxs Cahangir Qəmbərov isə bildirib ki, bütün pullar Şənlik Şükürovun hesabındadı.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin edilib. 

Xatırladaq ki, ittihamda bildirilir ki, Cahangir Qənbərov müxtəlif vaxtlarda paytaxt sakinləri – fərdi sahibkarlıqla məşğul olan Əhməd Mütəllimov, Tamerlan Rəşidov, Hacıbala Məlikov və Liliya Muxiyevanın etibarından süi-istifadə edərək müxtəlif şərti biznes qurmaq adı ilə aldadaraq onların 2 milyon manatadək pullarını mənimsəyib. 

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Seçilən
37
1
unikal.az

2Mənbələr