AZ

Bəzi sürücülər elə bilir ki, yolda hamı qaydalara əməl edəcək MÜTƏXƏSSİS VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Qəza əleyhinə kursların əsas mahiyyəti sürücülərdə təhlükəsiz düşüncə tərzinin formalaşdırılmasıdır. 

Avtosfer.az xəbər verir ki, bunu “AvtoFM” radiosunun efirində qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov deyib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəblərindən biri sürücülərin yalnız öz davranışlarına deyil, eyni zamanda digər hərəkət iştirakçılarına həddindən artıq güvənməsidir. Aqil Rəhimov qeyd edib ki, hətta uzun illər təcrübəsi olan sürücülər belə qəzaya düşə bilirlər və bunun səbəbi çox vaxt onların ətrafdakı sürücülərdən də qaydalara riayət olunacağını gözləmələridir.

Məşqçi bildirib ki, sürücülər bu yanaşmadan uzaqlaşmalı və hər an qarşılaşa biləcəkləri riskləri əvvəlcədən hesablamağı bacarmalıdırlar. Onun fikrincə, avtomobil idarə edən şəxs özünü sanki xüsusi təyinatlı əsgər kimi aparmalıdır: yəni hər tərəfdən gələn təhlükələri nəzərə almalı, gözlənilməz vəziyyətlərə hazır olmalı və daim diqqətli davranmalıdır.

Aqil Rəhimov vurğulayıb ki, sürücü heç vaxt düşünməməlidir ki, yolda olan hər kəs qaydalara əməl edəcək. Əksinə, o, istənilən anda digər sürücülərin ehtiyatsızlıq, diqqətsizlik və ya qaydaları bilməməsi səbəbindən kobud pozuntu edə biləcəyini nəzərə almalıdır. Bu baxımdan, təhlükəsiz sürücülük yalnız qaydalara riayət etməklə məhdudlaşmır, həm də ətrafdakıların mümkün səhvlərini öncədən görmək və buna uyğun davranmaq bacarığını tələb edir.

Sonda məşqçi əlavə edib ki, yol hərəkəti qaydaları son dərəcə vacibdir, lakin sürücünün özünü və sərnişinlərini qoruma bacarığı daha böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məhz bu yanaşma qəzaların qarşısının alınmasında həlledici rol oynayır.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
avtosfer.az

1Mənbələr