Bu ilin yanvarında «Araz-Naxçıvan»dan uzaqlaşdırılan Elmar Baxşıynv boş oturmur.
Yaxınlarda «Şəfa»ya «əlcək atan», yaxın dostu vasitəsilə Premyer Liqaya iddialı klubun rəhbərliyi ilə əlaqə saxlayan mütəxəssis bu dəfə gözünü «Kəpəz»ə dikib.
O, yenə tanışlarıyla Gəncə təmsçilçisinə mesaj göndərərək, komandanın başına keçə biləcəyini söyləyib.
Bir zənglə danışıqlar masası arxasına əyləşməyə hazır olan çalışdırıcı növbəti mövsümdə daha iddialı «Kəpəz» formalaşdıracağına söz verib.
Ötən ilin oktyabrında «Kəpəz»in sükanı arxasına qayıdan Azər Bağırov iyunda buradan ayrıla bilər. Belə ki, mütəxəssis növbəti mövsümü Gəncədə keçirmək üçün müxtəlif şərtlər irəli sürüb.
Onun komandanın transfer büdcəsinin artırılmasını istədiyi bildirilir. «Sarı-göylər»i Premyer Liqada saxlamaq vəzifəsinin öhdəsindən böyük ölçüdə gələn Bağırov həmçinin özünün və köməkçilərinin maaşına əlavələrin edilməsi təşəbbüsü irəli sürüb.
Bunlar olmasa, güman ki, tərəflər 2 ay sonra bir-birinə «əlvida» söyləyəcək. Baxmayaraq ki, onun klubla müqaviləsi 2027-cı ilin yayınadək nəzərdə tutulub.
Bağırov 2022-2024-cü illər aralığında «Araz-Naxçıvan»ın sükanı arxasında dayanıb. Maraqlıdır ki, 2024-cü ilin martında buradan ayrılandan sonra onu Elmar Baxşıyev əvəzləyib.
SPORTİNFO.AZ