AZ

Coğrafiyaçı-alim: Qlobal iqlim dəyişiklikləri Azərbaycanda hava şəraitinə ciddi təsir edir

Bakı, 8 aprel, AZƏRTAC

Qlobal iqlim dəyişiklikləri və onun Azərbaycanda hava şəraitinə təsiri son illər daha qabarıq şəkildə hiss olunur. Mütəxəssislərin fikrincə, bu dəyişikliklərin əsas səbəbləri sırasında atmosferə antropogen təsirlər nəticəsində buraxılan istixana qazlarının - xüsusilə karbon qazı və metanın miqdarının artması dayanır. Bununla yanaşı, iri şəhərlərdə məskunlaşmanın və meqapolislərin genişlənməsi regional iqlim dəyişikliklərinə təsir göstərir.

Mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verən Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev bildirib ki, qlobal istiləşmə xüsusilə Arktikada daha sürətlə gedir. Onun sözlərinə görə, qütbətrafı ərazilərdə temperaturun artması nəticəsində buzla örtülü sahələr azalır, bu isə yüksək və aşağı enliklər arasında temperatur və təzyiq fərqlərinin zəifləməsinə səbəb olur.

Nəticədə hava kütlələrinin hərəkəti zəifləyir və isti hava daha uzun müddət eyni ərazidə qalır. Bu proseslər həm də atmosferdə rütubətin artmasına və ekstremal hava hadisələrinin güclənməsinə gətirib çıxarır. Məsələn, 2021-ci ilin iyul ayında Almaniyada baş vermiş və böyük dağıntılara səbəb olmuş “Bernd” siklonu bu tendensiyanın təzahürü hesab olunur.

Həsən Nəbiyev qeyd edib ki, “World Weather Attribution” qrupunun araşdırmalarına görə, son 100 ildə ekstremal isti hava dalğalarının təkrarlanma tezliyi on dəfədən çox artıb. Eyni zamanda, bu cür hadisələr zamanı temperatur əvvəlki dövrlərlə müqayisədə təxminən 4°C daha yüksək olur.

Atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər nəticəsində Aralıq dənizindən Barens dənizinə qədər uzanan yüksək təzyiq sahələri formalaşır və bu, Atlantik okeanından gələn rütubətli hava kütlələrinin hərəkətini məhdudlaşdırır. Nəticədə bəzi bölgələrdə quraqlıq, digərlərində isə intensiv yağıntılar müşahidə olunur.

“İqlim dəyişiklikləri Azərbaycanda da öz təsirini göstərir. Ölkə ərazisində sel, daşqın, dolu kimi təbii fəlakətlərin sayı artır, küləklərin istiqaməti və gücü dəyişir, temperatur yüksəlir, yağıntı azalır və su ehtiyatları ilə bağlı problemlər yaranır. Tədqiqatlar göstərir ki, bu dəyişikliklər həm də Günəş fəallığının artması ilə əlaqəlidir. Hazırda Günəşin 25-ci 11 illik siklinin aktiv mərhələsində olması atmosfer proseslərində dəyişkənliyi artırır və meridional hava axınlarının daha tez-tez baş verməsinə səbəb olur”,-deyə alim bildirib.

 

Seçilən
19
1
azertag.az

2Mənbələr