AZ

Savaşın qalibi KİMDİR?

ABŞ və İran arasında atəşkəs əldə edilib. Uzun müddətdir davam edən gərginlik və qarşılıqlı zərbələrlə müşayiət olunan bu savaş regionda ciddi narahatlıq doğururdu. Aprelin 10-da danışıqlar başlayacaq. 

Atəşkəsin elan olunması vəziyyətin nisbətən sabitləşəcəyinə ümid yaratsa da, əsas müzakirə mövzusu dəyişmir. 

Bu savaşın qalibi hansı tərəfdir? 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında ABŞ-İran qarşıdurmasında aydın qalibin olmadığını bildirib. Onun sözlərinə görə, tərəflər hər nə qədər özlərini qalib kimi təqdim etməyə çalışsalar da, reallıq fərqlidir: 

“Bu müharibədə nə ABŞ və İsrail Tehrana, nə də İran həmin ölkələrin paytaxtlarına bayrağını sancıb. ABŞ və İsrail İranı uranı zənginləşdirmək məsələsində illərlə geri saldı, hərbi sənayesinə ciddi zərbələr vurdu, körpülər və istehsal müəssisələri dağıdıldı. 

Ancaq bütün bu itkilərə baxmayaraq, rejim ayaqda qalmağı bacardı. Əgər İranda hakimiyyətə nəzarət edən SEPAH yenidən uranı zənginləşdirməyə və ballistik raket istehsalını bərpa edərsə, bu halda ABŞ və İsrail üçün müharibənin uzunmüddətli müsbət nəticəsi ortadan qalxacaq". 

Elxan Şahinoğlu əlavə edib ki, müharibədən sonra İranın qarşısında daha ciddi sosial-iqtisadi problemlər dayanır: 

“İrandakı rejim ölkə iqtisadiyyatını bərpa etməli, iş yerlərini yenidən qurmalı, maaşların verilməsini təmin etməlidir. Bir sözlə, 90 milyonluq əhalinin təminatını ödəməlidir. 

Müharibədən əvvəl də İran iqtisadiyyatı yüksək inflyasiya ilə üzləşmiş, sahibkarlar etirazlara başlamışdı. İndi isə müharibənin ağır nəticələrini ortadan qaldırmaq və sosial problemlərin həlli daha da çətinləşib". 

Ekspert vurğulayıb ki, İranın əsas tərəfdaşlarından olan Çinin bu ölkəyə genişmiqyaslı investisiya yatıracağı da sual altındadır: 

“Çin əmin deyil ki, İran yaxın gələcəkdə yeni müharibə ilə üzləşməyəcək. Ümumiyyətlə, müharibənin tam bitdiyini demək çətindir. Sadəcə fasilə götürülüb. Atəşkəs olduqca kövrəkdir. 

Bu gün dünyada imzalanan sazişlərin belə icra olunmadığını nəzərə alsaq, tərəflərin atəşkəsə uzun müddət riayət edəcəyinə zəmanət yoxdur”. 

Seçilən
14
cebheinfo.az

1Mənbələr