AZ

Piyadaya yolverən sürücü sarı tora düşsə CƏRİMƏ EDİLİRMİ?

Bəs sürücülər necə etməlidir ki, bu yolayrıcılardan cərimələnmədən keçə bilsinlər? Ajans.az saytına edilən müraciətdə bildirilib ki, sürücülər üçün nizamlayıcının yaşıl işıqı yandıqda sürücü sağa dönmək üçün yolayrıcına daxil olur və bu zaman yolun sağ tərəfində yerləşən piyada keçidindəki şəxslərə yol vermək məcburiyətində qalır. Əks halda bu qanun pozuntusu sayılacaq və sürücü 50 manat məbləğində cərimə olunacaq. Piyadaların axını çox olduqda sürücü yolayrıcında daha çox gözləmək məcburiyyətində qalır və bu zaman nizamlayıcının yaşıl işıqı sönərək qırmızı işıqa keçir və sürücü piyadaları gözlədiyi üçün sarı torun üzərində qalır.  Bu hal özüdə qanun pozuntusu sayılır və bunun üçün 100 manat (3 cərimə balı) cərimə nəzərdə tutulub. Bəs bu hal qanunla necə nizamlanmalıdır? Məsələ ilə bağlı Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Ajans.az-a açıqlama verib.  O bildirib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.  Yolayrıcına daxil olaraq sağa və ya sola dönmək istəyən sürücünün piyadalara yol verməsi yolayrıcının keçilməsi qaydasının pozulması halı kimi qiymətləndirilmir. Əgər sürücü hərəkətdə olduğu müddətdə sağa dönüb piyada keçidində  gözləyərsə, piyadaların hərəkəti bitdikdən sonra qırmızı işıq yansa belə hərəkətini davam etdirə bilirsə, piyada keçidindən sonrakı yolda tıxac yoxdursa, sürücü piyada keçidini ötüb keçə bilirsə bu halda, sürücüyə heç bir cərimə tətbiq edilmir.

Toğrul Nəsirli qeyd edib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır”.

Seçilən
16
Ajans.az

1Mənbələr