AZ

Akademik Telman Əliyevin elmi əsərlərinin biblioqrafiyası çapdan çıxıb

İnformatika sahəsində tanınmış alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, AMEA-nın müşaviri akademik Telman Əliyevin 90 illik yubileyi münasibətilə həyat və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

Biblioqrafiya AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında “Görkəmli elm xadimləri” seriyasında nəşr olunub və burada fizika-riyaziyyat elmləri doktoru, akademik T.Əliyevin elmi fəaliyyətinin əsas tarixləri əks olunub.

Laborant vəzifəsində iş fəaliyyətinə başlayan alim, sonralar institut direktoru, AMEA -nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Ali Attestasiya Komissiyasının Rəyəsət heyətinin üzvü, AMEA-nın elmi müşaviri vəzifələrində çalışıb.

O, 13 elmlər doktoru və 37 fəlsəfə doktoru yetişdirib, 462 elmi əsərin, o cümlədən 35 monoqrafiyanın və 132 patentin müəllifidir. Akademikin aldığı nəticələr “Экспериментальный анализ” (“Eksperimental analiz”) və “Основы анализа помех” (“Küy analizinin əsasları”) adlı dərsliyə çevrilib. Onun “Robust Technology with Analysis of Interference in Signal Processing” (Kluwer Academic/Plenum Publishers, New York, 2003), “Digital Noise Monitoring of Defect Origin” (Springer-Verlag, London, 2007), «Noise Control of the Beginning and Development Dynamics of Accidents» (Springer, 2019) adlı məqalələri Springer nəşriyyatında dərc edilib.

Biblioqrafiyanın elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktoru Biblioqrafiya şöbəsinin müdiri, fil.ü.f.d. Aytən Əliyeva, tərtibçisi isə Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.

Vəsait texnika elmləri sahəsində çalışan alim və mütəxəssislər, doktorantlar, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Seçilən
20
2
xalqqazeti.az

3Mənbələr