AZ

Ali Məhkəmə Allahşükürün qızının 10 illik "arxiv" oyununa son qoydu

Ali Məhkəmə keçmiş deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Allahşükür qızı Salahzadənin şikayətini araşdırıb.

Musavat.com xəbər verir ki, məsələnin mahiyyəti Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən iki yaşayış evi ilə bağlıdır.

Hələ 2015-ci ildə başlayan məhkəmə proseslərində iddiaçılar Seymur Quliyev və Nurid Əliyev, cavabdeh Xatirə Salahzadəyə qarşı iddia qaldıraraq alqı-satqı müqavilələrinin ləğvini tələb etmişdilər. O zaman məhkəmə iddiaçıların xeyrinə qərar vermiş və 2016-cı ildə Ali Məhkəmə bu qərarı qüvvədə saxlamışdı. Aradan 10 il keçəndən sonra Xatirə Salahzadə "yeni bir hal" tapdığını iddia edərək məhkəməyə müraciət edib. İddia edib ki, iddiaçıların mülkiyyət hüququnun əsasında duran 1997-ci il tarixli 36 nömrəli sərəncam əslində Dövlət Arxivində yoxdur. Məhkəməyə təqdim edilən Arxiv İdarəsinin 15 oktyabr 2025-ci il tarixli məktubunda qeyd olunub ki, Bilgəh qəsəbə nümayəndəliyinin həmin dövrə aid sənədləri arxivə təhvil verilməyib. Xatirə Salahzadə bunu "hüquq zəncirinin ilk halqasının qırılması" kimi qiymətləndirərək, 10 il əvvəlki qərarın ləğvini tələb edib. Lakin Ali Məhkəmənin hakimi Əhliman Xıdırov məsələyə kifayət qədər sərt və prinsipial hüquqi yanaşma nümayiş etdirib.

Məhkəmə tərkibi qeyd edib ki, Xatirə Salahzadə hələ 2015-ci ildə işə baxılarkən arxivə müraciət edib bu məlumatı ala bilərdi. Əgər bir sübutu əldə etmək imkanı olubsa, lakin bunu etməyibsə, yəni sübutetmə yükünü vaxtında yerinə yetirməyibsə, 10 il sonra həmin sənədi "yeni açılmış hal" kimi təqdim edə bilməz. Bu, məhkəmə sistemində prosessual qənaət və hüquqi müəyyənlik prinsiplərinin tələbidir. İş üzrə verilmiş qərardadda vurğulanan ən mühüm məqamlardan biri də arxivdə sənədin tapılmamasının onun yoxluğu anlamına gəlmədiyi ilə bağlıdır. Bir sənədin arxivə təhvil verilməməsi o demək deyil ki, həmin sənəd heç vaxt olmayıb və ya hüquqi qüvvəsi yoxdur. Arxivdəki çatışmazlıq inzibati intizamsızlıqdan qaynaqlana bilər və bu, illər öncə verilmiş məhkəmə qərarını sarsıtmaq üçün "həlledici material" sayılmır.

Ali Məhkəmə hesab edib ki, Xatirə Allahşükür qızı Salahzadənin müraciəti yeni açılmış hal kimi qəbul edilə bilməz. Bu səbəbdən işin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilib. Bu qərardad mülkiyyət sahibləri üçün bir siqnaldır. Məhkəmə prosesi gedərkən bütün sübutları maksimum dərəcədə araşdırmaq və təqdim etmək lazımdır. İllər keçdikdən sonra tapılan "yeni arayışlar" hər zaman qapalı qapıları aça bilməz. Hüquq sistemi "yuxuda olanlara" deyil, öz hüquqlarını vaxtında və peşəkar müdafiə edənlərə yardım edir. Ali Məhkəmə bir daha təsdiqləyib ki, qanuni qüvvəyə minmiş qərarlar əbədi mübahisə predmeti ola bilməz. Əks halda, heç kim öz mülkiyyətinin taleyindən tam əmin ola bilməzdi.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr