AZ

Ayxan Abbasovun “böyümək” istəməməsi

Ayxan Abbasov son illərdə Azərbaycan futbolunun ən yaxşı məşqçilərindən biridir. Təsadüfi deyil ki, “Şamaxı” kimi yüksək yerlər uğrunda oynamayan əyalət klubundan birbaşa milli komandaya gəldi. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov demişkən, əsl-krizis meneceridir. Hansı klubun Premyer Liqanı tərk etmək təhlükəsi varsa, Ayxan müəllimi gətirsin, problem həll olunacaq.

Lakin bütün bunlara rəğmən, Ayxan Abbasov hələ də məşqçi kimi böyümək istəmir. Yəqin ki, dünən onun “Zirə” ilə matçda (1:1) planşeti vızıldatmasını gördünüz.  Yəqin ki, bu səhnələri izləyən kimi sizin də yadınıza ötən il Azərbaycan kubokunun yarımfinalında “Araz Naxçıvan”la oyunda Qurban Qurbanovun planşeti qırması düşdü. Sanki Ayxan Abbasov da planşet çırpmaq üzrə “Qurban Qurbanov -2” olmağa çalışdı. Ümumiyyətlə, Azərbaycanda artıq neçə illərdir ki, bu tendensiya hiss olunur: Bütün digər yerli məşqçilər özlərini Qurbanova oxşatmaq istəyirlər. Qurbanov ölkənin 1 nömrəli məşqçisidir, ondan öyrəniləsi çox şey var. Ancaq kimisə kor-koranə şəkildə təqlid edəndə, axırda Ayxan müəllim kimi planşetə qapaz qoyursan gedir.

Bir neçə gün öncə milli komandanın düşərgəsində A.Abbasova Yusif İmanova dəvət göndərilməməsi ilə bağlı sual verilmişdi. Kifayət qədər normal sual idi, hər halda noyabrdan bu yana oynamayan Şahruddin Məhəmmədəliyevdənsə, Yusifi millidə görmək daha məntiqli  olardı. Nə isə bu məsələni çox da uzatmayaq, çünki heyət seçimi baş məşqçinin işidir, sonda nəticəyə cavab verən şəxs də odur. Amma mətbuat konfransında sulları normal şəkildə cavablandırmaq da baş məşqçinin peşə təlimatları sırasındadır. Nəzərə almaq lazımdır ki, UEFA Pro lisenziyası kurslarında məşqçilər üçün ayrıca mətbuatla ünsiyyət mövzusu öyrədilir. A.Abbasov jurnalistin sualına gülərək “niyə çağırmalıydım ki” deyənə qədər məsələyə izah versə, daha yaxşı olardı.

Ümumiyyətlə, hiss olunur ki, A.Abbasovun kommunikasiya problemi var. Bir müddət əvvəl o, “Şamaxı”nın da baş məşqçisi olduğunu unudaraq “Turan Tovuz”un yerli futbolçularının oynaya bildikləri klublara keçməsini məsləhət görməsi qalmaqala səbəb olmuşdu. Əgər A.Abbasov yalnız millidə işləsəydi, bəlkə də bu cür danışmağı normal idi. Lakin “Şamaxı”da ola-ola, belə fikirlər səsləndirmək etik deyil.

Ayxan müəllimə məşqçi kimi böyük ümidlərimiz var, bunun üçün isə sözün yaxşı mənasında böyümək lazımdır. Hər mənada. Ondan gözlədiyimiz də budur. Necə deyərlər, uman yerdən küsərlər.

Seçilən
3
msport.az

1Mənbələr