AZ

Gəncədə uşaq evinə verilən 13 yaşlı qız: Valideynləri hansı CƏZA gözləyir? - AÇIQLAMALAR

Xəbər verildiyi kimi, Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirilib. Məlumata görə, 2013-cü il təvəllüdlü F.Səfərovanı xəstəxanaya nənəsi gətirib. O, nəvəsinin uşaq evinə yerləşdirilməsini istəyir.  F.Səfərovadan öncə atası, bir müddət sonra isə anası imtina edib. Onun körpəlikdən nənəsinin himayəsi altında yaşadığı deyilir.

Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Musavat.com-a bildirilib ki, agentliyin əməkdaşları aidiyyəti qurumlarla birgə iş aparıb və uşaq sağlamlığı, həmçinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib: “Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”.

Bəs bu məsələdə valideynləri hansısa cəza gözləyirmi?

Hüquqşünas Ramil Süleymanov Musavat.com-a deyib ki, bu, həqiqətən də acınacaqlı vəziyyətdir. “İkincisi, Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, valideynlər övladlarını saxlamağa borcludurlar və bu vəzifələrin icrasına dövlət nəzarət edir. Əgər bir halda valideynlər uşaqlarını saxlaya bilmirlərsə, qanunvericilikdə uşaqlardan imtina kimi hüquqi prosedur nəzərdə tutulmayıb və buna dair hər hansı hüquqi prosesin mövcud olması mümkün deyil. Lakin əgər ailə uşağı saxlaya bilmir, onun maddi təminatını təmin edə bilmir və ya uşaq valideynlərin himayəsində düzgün şəkildə tərbiyə olunmursa, icra hakimiyyətlərinin tərkibində müvafiq komissiya fəaliyyət göstərir. Həmin komissiya uşağın uşaq evinə yerləşdirilməsini təmin edə bilər. Valideynlər düşünməsinlər ki, bununla onların məsuliyyəti bitmiş olur”, - hüquqşünas vurğulayıb.

Hüquqşünas

Hüquqşünas qeyd edib ki, maraqlı şəxs olaraq, həmin komissiya uşağın saxlanılması üçün valideynlərdən alimentin tutulmasını təmin etmək məqsədilə məhkəməyə ərizə təqdim edə bilər:
“Belə ki, dövlət büdcəsindən uşaqların uşaq evlərində saxlanılması üçün vəsait yalnız valideyn himayəsindən məhrum olan və hər iki valideyni itirmiş uşaqlar üçün nəzərdə tutulub. İndiki halda uşaqların valideynlərinin mövcudluğu, əgər onlar öz vəzifələrini icra etmirlərsə, sui-istifadəyə gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, bu məsələdə müvafiq komissiya aidiyyəti üzrə ərizəni məhkəməyə təqdim etməklə, valideynlərdən alimentin tutulması təşəbbüsündə ola bilərlər”.

“Təmiz Dünya” Qadınlara Yardım İcitmai Birliyinin sədri Mehriban Zeynalova isə qeyd edib ki, bu cür hallarda səbəblər kökündən araşdırılmalıdır, əks halda reabilitasiya mühitini tam təşkil etmək çətinləşir: “Reabilitasiya üçün ən vacib məlumatlardan biri uşağın ailə münasibətlərinin dəqiq qiymətləndirilməsidir. Məsələn, bəzi hallarda uşağı günahlandırmaq və ya nənəsini günahlandırmaq mümkündür, lakin bu qərar verilməzdən əvvəl ailə mühitinin hərtərəfli qiymətləndirilməsi vacibdir. Hadisənin mahiyyətində nə baş verdiyini bilmədən qərar vermək doğru olmaz. Məlumatlara görə, uşağın nənəsi uzun müddətdir ki, onu himayə edir və ona qayğı göstərir. Bu, o deməkdir ki, nənə uşağa qarşı diqqətsiz və ya zərərli deyil. Ehtimal ki, uşağın uşaq evinə verilməsi məsələsi nənənin yaşlılığı və bununla bağlı imkanlarının məhdudluğu ilə əlaqədardır”.

Mehriban

Hüquq müdafiəçisi qeyd edib ki, uşağın valideynləri tərəfindən imtina edilməsinin yaratdığı travma onun gələcək davranışlarına ciddi təsir göstərə bilər: “Təcrübələr göstərir ki, valideyn tərəfindən imtina olunmuş uşağın reabilitasiyası nə qədər effektiv olsa da, bu travmanı tam aradan qaldırmaq çox çətindir. Bu travma onun davranışlarında pozuntulara səbəb ola bilər. O cümlədən aqressiyanın artması,özünə qapalı olması, riskli davranışlara meyilli olması, bəzən cinayətkar meyillərin ortaya çıxması, özünü təsdiq etmək üçün təhlükəli hərəkətlər etməsi və sairə. Buna görə də, həmin uşaqla travma yönümlü iş aparılmalıdır. Əgər davranışlarında pozuntu varsa, bu yarıçıq və ya natamam olmamalıdır. Bütün bu tədbirlər yalnız psixoloji və sosial iş üzrə ixtisaslı mütəxəssis nəzarəti altında həyata keçirilməlidir. Əks halda valideyn tərəfindən imtina olunması uşağın gələcək həyatına ciddi mənfi təsir göstərəcək və onun davranış modellərini zədələyə bilər”.

Xalidə Gəray
Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr