Artıq dördüncü ildir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində əmək yarmarkası keçirilir.
AzEdu.az xəbər verir ki, bu sözləri Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Şaban Cəfərçiyev jurnalistlərə açıqlamasında bildirib:
“Əmək yarmarkası Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur və mərkəzimizin dəstəyi ilə keçirilir. Bu yarmarkada mərkəzimizdə 17 ixtisas üzrə təhsil alan tələbələr təmsil olunur. Bunlara avtomobil, elektrik, elektronika, mexanika, interyer və digər ixtisaslar daxildir.
Ümumilikdə mərkəzimizdə 32 ixtisas üzrə 1400 tələbə təhsil alır. Bugünkü əmək yarmarkasında əsasən sonuncu kurs tələbələri, hazırda istehsalat təcrübəsində olan tələbələr və əvvəlki illərin məzunları iştirak edirlər.
Onlar burada öz ixtisaslarına uyğun vakansiyalarla tanış olur və gələcək məşğulluq imkanlarını dəyərləndirirlər".