AZ

“Bakı Metropoliteni”: Yeni depo sahələrinin tikintisi nəzərdə tutur

“Bakı Metropoliteni” QSC “Yaşıl” xəttin genişləndirilməsi üzrə mühüm addımlar atır.

"Yeni Sabah" xəbər verir ki, bunu jurnalistlərlə açıqlaması zamanı “Bakı Metropoliteni” QSC-nin departament rəhbəri Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən təxminən 700 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılıb.

“Həmin vəsait hesabına “Yaşıl” xətt üzrə dörd yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Yeni stansiyalar mövcud xəttin davamı olaraq paytaxtın şimal və şimal-qərb istiqamətində, o cümlədən “Dərnəgül” stansiyasından sonrakı ərazilərdə və Xocəsən istiqamətində yerləşəcək. Bu isə paytaxtın sürətlə inkişaf edən yaşayış massivlərinin metro şəbəkəsinə inteqrasiyasına, həmçinin nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək”, - deyə departament rəhbəri vurğulayıb.

M.Rzayev bildirilib ki, layihə üzrə tender proseslərinin cari ilin sonunadək həyata keçirilməsi planlaşdırılır.

QSC rəsmisi əlavə edib ki, metro infrastrukturunun genişləndirilməsi çərçivəsində yeni depo sahələrinin tikintisi və mövcud depoların genişləndirilməsi də nəzərdə tutulur: “Xocəsən deposu üzrə ikinci mərhələnin, Dərnəgül deposu üzrə isə üçüncü mərhələnin həyata keçirilməsi planlaşdırılır. Hər iki layihə üzrə tenderlərin elan edilməsi və işlərə başlanılması cari ilin əsas hədəflərindən biri kimi müəyyən olunub. Dərnəgül ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa edilən avtomobil və piyada tunelinin tikintisi davam edir. Həmin tunel Abay Kunanbayev küçəsi ilə “Çınarlıq” parkını birləşdirəcək və layihənin tamamlanmasından sonra “Dərnəgül” deposunun ikinci mərhələsinin tam şəkildə istismara verilməsi mümkün olacaq. Aidiyyəti qurumlar tərəfindən layihələrin icrası ilə bağlı müvafiq müzakirələr davam etdirilir”.


Telegram kanalımız
Seçilən
16
5
yenisabah.az

7Mənbələr