Paris, 8 aprel, AZƏRTAC
Fransanın “Printemps” ticarət şəbəkəsi işçilərin təxminən 3 000 nəfərlik heyətindən 229 vəzifənin ləğv olunacağını açıqlayıb. Bu, xüsusilə “Rennes” mağazasının bağlanması ilə müşayiət olunan yenidənqurma planı çərçivəsində həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, qrup rəhbərliyi yaydığı açıqlamada “istehlak mallarının satışında davamlı azalma” və alıcılıq qabiliyyətinin zəifləməsi məsələlərinə diqqət çəkib. Eyni zamanda, açıqlamada ticarət sektorunun dəyişən dinamikasına işarə edərək, ultra-qısa müddətli modanın, yəni aşağı qiymətlərlə tez-tez yenilənən kolleksiyaların və ikinci əl bazarının inkişafının yarada biləcəyi rəqabət təzyiqi vurğulanıb.
Sosial tərəfdaşlara təqdim olunan yenidənqurma planına əsasən, 17 mövqe dəyişdiriləcək və 91 yeni vəzifə yaradılacaq.
1865-ci ildə Jüle və Oqüstin Jaluzo tərəfindən yaradılan “Printemps” hazırda Fransada 20-yə yaxın mağaza, o cümlədən üç filial, həmçinin xaricdə, xüsusilə Doha və Nyu-Yorkda satış məntəqələri idarə edir. Qrup həmçinin təxminən 3 000 markanı bir araya gətirən onlayn ticarət platforması inkişaf etdirir.
Bu açıqlama pərakəndə ticarət sektorunda baş verən dəyişikliklər fonunda edilir. Sektor istehlak vərdişlərinin dəyişməsi, onlayn ticarətin artması, inflyasiya və alıcılıq qabiliyyətinin azalması ilə bağlı çağırışlarla üzləşir.