AZ

Ali Məhkəmə ictimai maraq doğuran Plenum qərarı ilə bağlı yanlış iddialara aydınlıq gətirdi

BAKI, 8 aprel. TELEQRAF

Son vaxtlar müxtəlif media subyetlərində və sosial şəbəkələrdə “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında Ali Məhkəmənin Plenumunun 24 dekabr 2025-ci il tarixli qərarı ilə bağlı yanlış məlumatlar yayılmaqdadır.

Bu barədə Teleqraf-a Ali Məhkəmədən bildirilib.

Məlumata görə, geniş müzakirə olunan “24 dekabr 2025-ci ildən əvvəlki hüquq pozuntularına görə mənəvi zərər tələb etmək olmaz” fikri hüquqi baxımdan əsassızdır. Qeyd edilməlidir ki, Plenum qərarları norma yaratmır və yeni qanun hesab olunmur. Bu qərarlar mövcud qanunvericiliyin tətbiqinə dair rəsmi izah xarakteri daşıyır və onların əsas məqsədi məhkəmə təcrübəsinin vahidliyini təmin etmək, hüquq normalarının düzgün və eyni qaydada tətbiqinə nail olmaqdır.

Şəxsiyyət hüquqları Azərbaycan Respublikasının Konstitusiyası, beynəlxalq müqavilələr və milli qanunvericiliklə artıq təsbit olunmuşdur. Bu hüquqların müdafiəsi Plenum qərarının qəbul edildiyi tarixdən asılı deyil və qeyd olunan qərardan əvvəl də qanunvericiliklə qorunurdu. Bu baxımdan, qərarın qəbul edilmə tarixi mənəvi zərərin tələb olunması hüququna hər hansı məhdudiyyət yaratmır və sözügedən qərarda belə bir məhdudiyyət nəzərdə tutulmamışdır.

Beləliklə, hüquqları pozulmuş şəxslər pozuntunun baş verdiyi tarixdən asılı olmayaraq, qüvvədə olan qanunvericiliyə əsasən, məhkəməyə müraciət etmək hüququnu saxlayırlar.

Media nümayəndələri və ictimaiyyətə tövsiyə olunur ki, hüquqi məsələlərlə bağlı məlumatları yayarkən rəsmi mənbələrə istinad etsinlər. Xüsusilə Ali Məhkəmənin rəsmi internet səhifəsi (supremecourt.gov.az), rəsmi açıqlamaları və qərarların tam mətni ilə tanış olsunlar və yanlış informasiyalara etibar etməsinlər.

Seçilən
2
teleqraf.com

1Mənbələr