Gəncə, 8 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional İdarəsi Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə birgə mövsümi xarakterli gözlənilən təhlükə mənbələrindən mühafizənin səmərəli təşkili məqsədilə maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaz mövsümü ilə əlaqədar yerli və transsərhəd çaylarda sululuğun artması sel və daşqın təhlükəsini aktuallaşdırır. Təhlükə mənbələrinə qarşı etibarlı qorunmanın təmin edilməsi məqsədilə tədbir Gəncə çayının sahilində təşkil olunub. Tədbir zamanı Gəncə Regional İdarəsinin mütəxəssisləri tərəfindən iştirakçılara praktiki şəkildə ətraflı təlimatlar verilib.
Tədbirdə FHN-in Gəncə Regional İdarəsinin əməkdaşları – baş məsləhətçilər Emil Aslanov və Mikayıl Eminbəyli, baş zabitlər mayor İlham Məhərrəmov və kapitan Fərid Məmmədov çıxış edərək gözlənilən sel və daşqın təhlükələri zamanı operativ idarəetmənin təşkili, eləcə də fəlakət zonasından mülki əhalinin təxliyə olunması qaydaları barədə ətraflı məlumat veriblər. Həmçinin bu kimi hallarda ictimai iaşə, təhsil və istehsalat obyektlərinin təhlükələrdən qorunması istiqamətində görülməli tədbirlər izah edilib.
Maarifləndirmə tədbirində ADAU-nun Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının professor-müəllim heyəti və bir sıra fakültələrin tələbələri iştirak ediblər.
Tədbirdən sonra tələbələr üçün mövzu ilə bağlı seminar da təşkil olunub.
Müxbir - Elcan Məmmədov