AZ

Sığorta bazarı kiçilsə də...

İki ay ərzində 10 şirkətin yığımları artıb

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin toplam yığımları 277,5 milyon manat təşkil edib. Mərkəzi Bankın (MB) məlumataına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 37 faiz çoxdur. Belə ki, 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə isə bu göstərici 38,6 manat olub.

Sığorta yığımlarında ümumi cüzi azalmanın baş verməsinə baxmayaraq, bazarda güclü mövqe tutan aparıcı şirkətlərin portfelində azalmalar olmayıb. Belə ki, 16 şirkətin 10-u 2 ay ərzində öz yığımlarını daha da artırıb. Faiz artımına görə “Meqa Həyat Sığorta” ASC 66,8 faizlik göstərici ilə bazarda liderlik edir. Şirkətin yığımlarında 1 milyon 726 min manat artım qeydə alınıb. Məbləğ baxımından ən böyük artım isə “Aqrar Sığorta” ASC-də qeydə alınıb. Bu şirkətin topladığı sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 803 min manat artıb. Hesabat dövründə “Azərbaycan Sənaye Sığorta Şirkəti” ASC, “Xalq Həyat Sığorta Şirkəti” ASC, “Xalq Sığorta”, “Paşa Sığorta”, “Atəşgah Həyat Sığorta Şirkəti”, “AzSığorta”, “İpək Yolu Sığorta” və “Paşa Həyat Sığorta” ASC də yığımlarını artırmağa nail olub.

İcbari sığorta yığımları 29,4 faiz azalıb

Sığorta şirkətlərinin yığımlarındakı artımlara baxmayaraq, bir sıra sığorta növləri üzrə azalmalar qeydə alınıb. Belə ki, yanvar-fevral aylarında icbari sığorta növlərinin hesabına 43,126 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azdır. Hesabat dövründə icbari sığorta növləri üzrə aparılan ödənişlərin məbləği isə 27,028 milyon manat təşkil edib. Belə ki, sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 62,7 manatı qədər ödəniş edilib. Qeyd edək ki, iki ay ərzində ümumilikdə, sığorta şirkətlərinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,8 milyon manat təşkil edib. Sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,6 manatı ödəniş edilib.

Göründüyü kimi, sığorta yığımları portfelində artım qeydə alınsa da, icbari sığorta üzrə yığımlarda azalma baş verib.

Qeyri-həyat sığortası növlərinin hesabına isə 148,332 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz azdır. Ancaq qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 25 faiz artaraq 47,664 milyon manata çatıb.

Könüllü tibbi sığorta üzrə yığımlarda da azalma baş verib

Könüllü tibbi sığorta üzrə yığımlarda da azalmalar qeydə alınıb. Belə ki, həmin sığorta üzrə 65 milyon 766 min manat sığorta haqqı toplanıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2 milyon 182 min manat və ya 3,2 faiz azdır. 2025-ci ilin eyni dövründə bu göstərici 67 milyon 948 min manat təşkil etmişdi. Ancaq yığımlar azalsa da, tibbi sığorta üzrə ödənişlərdə artım baş verib. İlin ilk 2 ayında adıçəkilən sığorta üzrə ödənişlər 13 milyon 879 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 milyon 393 min manat və ya 20,8 faiz çoxdur. Bu isə tibbi sığortanın şərti zərərliliyini yüksəldib. Ötən ilin 2 ayında zərərlilik 16 faiz olduğu halda, hazırda 21,1 faizə yüksəlib. Biz sözlə, tibbi sığortadan toplanan hər 6 manatdan 1 manatı müştərilərə ödənilirdisə, indi 5 manatdan 1 manatı ödəniş edilir.

Həmçinin, avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə də azalma baş verib. Sığorta şirkətləri yanvar-fevral ayları ərzində toplam 10 milyon 254 min manat sığorta haqqı toplayıb ki, bu da 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 11,6 faiz və ya 1 milyon 349 min manat azalma deməkdir. Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 5 milyon 729 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 22,9 faiz və ya 1 milyon 68 min manat çoxdur. 2025-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 4 milyon 661 min manata bərabər olub.

Əmlak və həyat sığortasında yüksək artım

Buna baxmayaraq, bəzi sığorta növlərində artımlar baş verib. Məsələn, əmlak sığortası bazarı 19 faizə yaxın böyüyüb. Həmin sahədən 47,878 milyon manat sığorta haqqı toplanılıb. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 6,754 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 12,1 faiz çoxdur. 2 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 14,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 15 manat olub.

Həyat sığortası növlərinin hesabına isə 129,231 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Həyat sığortası növləri üzrə ödənişlər isə 43,5 faiz artaraq 101,136 milyon manata çatıb. Toplanmış hər 100 manat sığorta haqqının 78,3 manatı müştərilərə geri ödənilib.

Ümumiyyətlə, sığorta bazarı ötən 2 ayda əsasən, könüllü sığorta növləri hesabına böyüyüb. Bu bzaradan 234,436 milyon manat sığorta haqqı toplanılıb ki, ötən ilin 2 ayı ilə nisbətdə 6,5 faiz çoxdur.

Daşqın və subasma halları ilə sığorta ödənişləri

Yeri gəlmişkən, son günlər Azərbaycanın müxtəlif bölgələrində güclü yağışlar nəticəsində çoxsaylı sel-subasma hadisələrinin qeydə alınması sığorta hadisəsi ilə bağlı məsələni daha da aktuallaşdırır. Xüsusilə də güclü yağışların əkin sahələrinə ziyan vurması aqrar sığorta sahəsində zəruri ödənişləri labüd edir. Aqrar sahədə çalışan mülkiyyətçilərin və fermerlərin sığorta şirkətlərinə, o cümlədən Aqrar Sığorta Fonduna müraciətlərinin artması da bunu təsdiqləyir. Fonda daxil olan müraciətlərin təthlilinə əsasən, güclü yağışlar və daşqınlar 2100 hektara yaxın əkin sahəsinə zərər vurub, sığorta ödənişi barədə araşdırmalar davam etdirilir.

Müvafiq qaydalara əsasən, subasma hallarının təsərrüfatlara vurduğu ciddi zərərlərə görə, fermerlər aqrar sığorta mexanizmi vasitəsilə təmin edilməlidir. Ancaq son günlər aparılan müşahidlər onu göstərir ki, yerli fermerlər risklərdən qorunmaq üçün əkin sahələrini sığortalamadıqlarından həmin mexanzimdən faydalana bilmirlər. Məlumat üçün qeyd edək ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir, nəticədə cüzi məbləğlə təsərrüfatları və əkin sahələrini sığortalamaq mümkün olur. Aqrar sığorta ekspertlərinin məlumatına görə, sığorta edilmiş hər bir təsərrüfat dəymiş zərərə görə, sığorta ödənişi ilə təmin olunur. Bir sıra hallarda mülkiyyətçilərin təsərrüfatlarını sığorta etməməsi hazırkı kritik hadisələr zamanı aqrar sığortadan istifadəni çətinləşdirir.

Yaşayış evləri və obyektlərin sahibləri subasmaya görə, sığorta pulu ala bilərlər

Yeri gəlmişkən, leysan yağışlar nəticəsində yaşayış evləri və obyektləri subasma nəticəsində zərər görən vətəndaşlar və sahibkarlar evlərini və obyektlərini sığorta etdirməklə dəyən zərərlərə görə, sığorta haqqı ala bilərlər. Eləcə də, intensiv yağışlar magistral yollarda sürücülər üçün ciddi problemlər yaradıb və maddi zərərlərə səbəb olub. Yol örtüyünün yararsız vəziyyətə düşməsi nəticəsində yaranan dərin çuxurlar nəqliyyat vasitələrinin zədələnməsinə səbəb olub. Həmçinin yağışlar nəticəsində hasarın aşması yaxınlıqda park edilmiş avtomobillərə ciddi ziyan dəyib. Belə hallarda dəymiş maddi ziyanı avtomobilin kasko sığortası varsa, zərəri kasko şirkəti ödəyəcək. Burada isə əsas məqam kasko sığortasının olmasıdır. Əgər həmin sığorta növü varsa, sürücü sığorta pulunu alacaq. Kasko sığortası edən şirkət isə müştərisinə dəyən ziyanı ödədikdən sonra, məhkəmə qaydasında həmin hasarı quraşdıran, əraziyə cavabdeh olan və təhlükəsizliyi təmin etmək öhdəliyi daşıyan dövlət orqanını və ya qurumu məhkəməyə verərək öz zərərini qarşılamaq hüququna malikdir. Təbii, kasko yoxdursa, sürücülər üçün sığorta pulu da ödənilməyəcək.

E.CƏFƏRLİ

Seçilən
8
1
yeniazerbaycan.com

2Mənbələr