Yeni yol layihələri bu problemin həllinə yönəlib
Bakıda nəqliyyat sıxlığı artıq təkcə gündəlik narahatlıq deyil, eyni zamanda, şəhərin sosial-iqtisadi və ekoloji davamlılığı üçün ciddi təhlükə amili kimi qiymətləndirilir. Paytaxtın sürətlə inkişafı, əhalinin getdikcə artması, şəhərətrafı yaşayış massivlərinin genişlənməsi və avtomobil sayının ildən-ilə çoxalması səbəbindən mərkəzi küçələrdə, xüsusilə də əsas magistral yollarda pik saatlar iflic vəziyyət müşahidə edilir.
Əslində, paytaxtın nəqliyyat yükü Bakıətrafı ərazilərdən – Sumqayıt və Xırdalan şəhərləri, Müşfiqabad, 28 May, Lökbatan, Binə, Sulutəpə qəsəbələri və digər yaşayış sahələrindən hər gün minlərlə avtomobilin paytaxta daxil olması səbəbindən qaynaqlanır. Sürücülərin böyük bir hissəsi şəhər mərkəzinə getmək niyyətində olmasa da, alternativ marşrutların məhdudluğu üzündən mərkəzdən keçməyə məcbur qalır. Bu isə Bakı daxilində tıxacın miqyasının daha da artması ilə nəticələnir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqladığı məlumatlar da göstərir ki, Bakı-Sumqayıt (M1), Bakı-Ələt-Qazax (M3) və Bakı-Quba-Rusiya sərhədi (M4) magistral yolları ilə hərəkət edən avtomobillər çox vaxt şəhər mərkəzindən keçmək məcburiyyəti ilə üzləşir. Bu isə paytaxtın mərkəzi küçələrində və əsas yol qovşaqlarında davamlı sıxlıq yaşanmasına gətirib çıxarır.
Bu problemin aradan qaldırılması məqsədilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində paytaxtın nəqliyyat sistemində şəhər mərkəzini “keçid məntəqəsi” rolundan çıxarmaq və yükü dairəvi yollarla yenidən bölüşdürmək kimi yeni strateji yanaşma tətbiq edilir. Bu məqsədlə planlaşdırılan 3 əsas strateji magistral yol layihəsindən birində – Bilgəh-Novxanı-Xırdalan (M4) xəttində hazırda tikinti işləri aparılır.
Avtomobillər artıb, yollar dəyişməyib
Yol hərəkəti eksperti Əzim Yusifovun sözlərinə görə, Bakının tıxac problemi uzun illər daha çox yol çatışmazlığı və avtomobil sayının artımı ilə əlaqələndirilib. Bu çətinliyin əsasında isə daha sistemli məsələ – paytaxtın yol infrastrukturunun nəzərdə tutulan normalara uyğun qurulmaması, başqa sözlə, şəhər mərkəzinin həm şəhərdaxili, həm də şəhərlərarası tranzit hərəkətin “qovşağına” çevrilməsi amili yer alıb. Məsələn, Şimal istiqamətindən (Bilgəh, Novxanı, Sumqayıt, Abşeron) gələn sürücü Qərb istiqamətinə və ya əksinə hərəkət etmək istəyəndə bir çox hallarda şəhərin içərisinə daxil olub. Bu, tıxacın yalnız müəyyən küçələrdə deyil, bütöv şəhər sistemində domino effekti yaratması ilə nəticələnib.
Ekspertin fikrincə, yeni körpülər, tunellər və yol genişləndirmələrinin diqqət mərkəzində saxlanılması heç də tıxac probleminin həllini gerçəkləşdirmir, başqa sözlə, şəhər mərkəzini ağır tranzit yükdən azad etmir. Çünki avtomobil axını gücləndikcə yol genişləndirmə layihələrinin reallaşdırılması müsbət nəticə vermir. Dünya təcrübəsində “induksiya olunmuş tələbat” adlandırılan bu proses zamanı mövcud vəziyyət özünü qabarıq göstərir: yol genişləndirildikcə daha çox insanın avtomobildən istifadə etməsi və nəticədə tıxacın yenidən “geri qayıtması” narahatlıqla diqqət çəkir.
Ə.Yusifovun fikirlərindən belə bir qənaət hasil olur ki, Bakı üçün ən doğru yanaşma şəhər mərkəzinə daxil olmadan alternativ keçid magistrallarının yaradılmasıdır. AYNA-nın hazırda gerçəkləşdirdiyi həmin yeni layihələrdən biri olan Bilgəh-Novxanı-Xırdalan (M4) avtomobil yolu sözügedən strategiyanın bariz ifadəsidir. Bu magistralla Abşeron yarımadasının şimal-şərq hissəsini paytaxtın mərkəzinə daxil olmadan Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə birləşdirilməsi nəzərdə tutulur.
Layihənin strateji əhəmiyyəti ondan ibarətdir ki, paytaxt ətrafında yaşayan minlərlə sürücü artıq şəhərin içindən keçmədən birbaşa Qərb istiqamətinə çıxa biləcək. Nəticədə Bakı mərkəzinə daxil olan tranzit avtomobillərin sayı azalacaq və belə bir vəziyyət tıxac probleminin həllinə müsbət təsir göstərəcək.
Texniki göstəriciləri kifayət qədər diqqətçəkən olan layihədə yolun uzunluğunun, təxminən, 29 kilometr və 6 zolaqlı olacağı planlaşdırılıb. Hazırda tikintisi davam edən magistralın 2027-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Bu yol həm də Şimal və Qərb bölgələri ilə əlaqələrin sürətlənməsinə gətirib çıxaracaq. Çünki Bilgəh istiqamətindən gələn nəqliyyat axını M4 magistralına daha rahat çıxış əldə edəcək və Bakı şəhər mərkəzi bu yükdən qismən azad olunacaq. Bundan əlavə, Bilgəh – Novxanı –Xırdalan – M4 yolu yalnız tranzit axını deyil, eyni zamanda, yeni yaşayış massivlərinin inkişafını stimullaşdıracaq. Eyni zamanda, yol infrastrukturu genişləndikcə həmin ərazilər daha cəlbedici yaşayış zonalarına çevriləcək və yeni tikililərin sayı artacaq. Bu isə dövlətin şəhərətrafı inkişaf siyasətinə uyğun olaraq Bakının yükünün mərhələli şəkildə ətraf zonalara yayılmasını şərtləndirəcək.
İkinci strateji layihə Sabunçu və Sulutəpə qəsəbələri arasında dairəvi yolun inşasıdır. Bu magistralın salınmasında əsas məqsəd yarımadanın Şərq və Qərb hissələri arasında birbaşa və sürətli əlaqə yaratmaqdır. Layihənin ən önəmli məqamı isə Sulutəpə kimi sürətlə böyüyən yaşayış sahələrinin artıq Bakı mərkəzindən asılı olmadan alternativ çıxış əldə etməsidir.
Hazırda Sulutəpə sakinlərinin böyük hissəsi əsasən Bakı-Sumqayıt magistralına çıxış üçün məhdud marşrutlardan istifadə edir və bu da pik saatlarda M1 magistralında sıxlığı daha da artırır. Sabunçu–Sulutəpə dairəvi yolu isə aeroport şosesi ilə hərəkət edən nəqliyyat vasitələrinə əlavə rahatlıq gətirəcək və bölgələrarası bağlantını gücləndirəcək. Bu yolun digər mühüm üstünlüyü Bakının mərkəzi küçələrindəki yükün azalmasıdır. Çünki şərq-qərb istiqamətində hərəkət edən sürücülər artıq mərkəzi küçələrə girmədən birbaşa dairəvi yolla hərəkət edə biləcəklər. Beləliklə, bu layihə təkcə Sulutəpə üçün deyil, ümumilikdə, Bakının yol sisteminin balanslaşdırılması baxımından ciddi strateji addımdır.
Üçüncü layihə 1 saylı Bakı Dairəvi Yolunu Ziya Bünyadov prospekti ilə birləşdirəcək yeni yolun inşasını nəzərdə tutur. Bu layihə xüsusilə M1 şosesində – Bakı-Sumqayıt magistralında tıxacların azalmasına yönəlib. Çünki hazırda həmin magistralda əsas yük mərkəzə doğru istiqamətlənən nəqliyyat vasitələri və şəhərin daxilində hərəkət edən avtomobillər arasında bölünür.
Yeni bağlantı yolu ilə nəqliyyat axınları yenidən paylanılacaq, sürücülərin daha qısa alternativ marşrutlardan istifadəsinə şərait yaradılacaq. Eyni zamanda, bu layihənin icrası nəticəsində 20 Yanvar meydanına daxil olmadan Koroğlu metro stansiyasına birbaşa çıxış açılacaq. Bu, xüsusilə şəhər mərkəzinə daxil olmadan metroyadək rahat çatmaq istəyənlər, Binə, Sədərək ticarət mərkəzləri və Binə kəndi istiqamətində hərəkət edənlər, Lökbatan və ətraf yaşayış massivlərinin sakinləri üçün ciddi rahatlıq yaradacaq. Bakı-1 Dairəvi Yolu – Ziya Bünyadov prospekti bağlantısı nəticəsində, eyni zamanda, tıxacların ən ağır olduğu nöqtələrdən biri sayılan 20 Yanvar dairəsinin yükü də azalacaq.
Yanacaq sərfiyyatı və digər xərclər azalacaq
Yol eksperti Hüseyn Qubadov qeyd edir ki, bu gün paytaxtda ciddi narahatlıq doğuran tıxaclar yol problemi olmaqla bərabər, həm də insanların həyat tərzinə birbaşa mənfi təsir edən sosial məsələdir. Çünki insanlar gün ərzində bəzən 1-2 saatını yolda itirir, bu da işə gecikmələrə, əlavə yanacaq xərclərinə, əsəb gərginliyinə və ümumi məhsuldarlığın azalmasına gətirib çıxarır. Yeni magistral yolların istifadəyə verilməsi ilə gediş-gəliş vaxtının, şəhər mərkəzində sürücülərin psixoloji gərginliyinin və nəqliyyat qəzası riskini azalması gözlənilir. Çünki tıxac olan ərazilərdə sürücülər daha əsəbi və diqqətsiz davranır, qəza ehtimalı çoxalır.
Nəqliyyat sıxlığı iqtisadiyyat üçün ciddi maliyyə itkisi yaradır. Tıxac zamanı avtomobilin mühərriki işlək vəziyyətdə qalır, yanacaq sərfiyyatı artır və nəticədə həm vətəndaşın şəxsi xərci çoxalır, həm də ölkənin yanacaq istehlakı artır. Bundan əlavə, tıxac yükdaşımaları və kommersiya logistikasını ləngidir. Bakıda bazarlara, ticarət mərkəzlərinə, istehsal müəssisələrinə məhsul daşıyan yük avtomobilləri də sıxlıqdan əziyyət çəkir.
H.Qubadov daha sonra qeyd edir ki, yeni yolların açılması ilə yük daşımalarının sürəti artacaq, logistik xərclər azalacaq, ticarət dövriyyəsi daha çevik olacaq. Bu isə dolayısı ilə qiymətlərin sabitləşməsinə və xidmət sektorunun daha səmərəli fəaliyyətinə müsbət təsir göstərəcək. Bununla yanaşı, tıxacın azalması nəticəsində hava da təmizlənəcək.
Avtomobillər az məsafə qət etməsinə baxmayaraq, yandırılan böyük həcmdə yanacaq hesabına havaya buraxılan zərərli qazın qarşısı alınacaq. Beləliklə, yeni magistral yolların istifadəyə verilməsi nəticəsində avtomobillərin dayanma müddəti, atmosferə atılan karbon qazı və digər tullantılar azalacaq, yanacaq sərfiyyatı aşağı düşəcək. Bu isə xüsusilə şəhər mərkəzində hava keyfiyyətinin müəyyən qədər yaxşılaşmasına şərait yaradacaq.
Yeni yollar tıxacları aradan qaldıracaqmı?
Ekspertlərin fikrincə, yeni yol layihələrinin Bakının nəqliyyat sistemində ciddi dönüş yaradacağı gözlənilsə də, bu, tıxac probleminin tam aradan qalxması üçün yetərli sayılmır. Çünki şəhərdə avtomobil sayının çoxalması yeni yolların da yenidən yüklənməsinə səbəb olur. Buna görə paralel olaraq müəyyən addımların atılması da zəruri hesab edilir.
Bu məqsədlə ictimai nəqliyyatın keyfiyyətinin artırılması, avtobus zolaqlarının genişləndirilməsi, metro xətlərinin şəhərətrafı ərazilərə uzadılması, dayanacaq siyasətinin sərtləşdirilməsi, “park et və davam et” sistemlərinin tətbiqinin diqqətdə saxlanılması, eləcə də yol qovşaqlarında “ağıllı” idarəetmə sistemlərinin qurulmasına ciddi ehtiyac duyulur. Yəni yeni yolların salınması ilə, necə deyərlər, tıxacın əlamətləri azala bilər, ancaq problemin kökündə olan səbəblər, məsələn, avtomobildən asılılıq və şəhər planlaşdırmasının mərkəzə yönəlməsi kimi amillər sistemli şəkildə diqqətdə saxlanılmalıdır.
Bütün bunlara baxmayaraq, təqdim olunan 3 layihə Bakının nəqliyyat xəritəsində mühüm dəyişiklik vəd edir. Ən böyük üstünlük isə sürücülərin artıq şəhərin mərkəzi küçələrdən keçmədən birbaşa istiqamətlər üzrə hərəkət edə bilmələrindən ibarətdir. Məsələn, Müşfiqabad və 28 May yaşayış sahələrindən Bilgəh istiqamətinə hərəkət edən sürücülər şəhər mərkəzinə daxil olmadan Bilgəh-Novxanı-Xırdalan-M4 yolundan istifadə etmələri reallaşır, aeroport şosesi ilə hərəkət edən Sulutəpə sakinləri Sabunçu-Sulutəpə dairəvi yolundan yararlanaraq sıxlıqdan yayınır.
Eyni zamanda, Binə və Sədərək ticarət mərkəzlərindən Binə kəndinə, Koroğlu və Əhmədli metro stansiyalarına gedən Lökbatan sakinləri Bakı-1 Dairəvi Yolu – Ziya Bünyadov bağlantısı vasitəsilə rahat hərəkət edə bilirlər. Bu dəyişikliklər Bakının əsas arteriyalarında nəqliyyat axınının daha düzgün bölüşdürülməsi, tıxacların mərhələli şəkildə azalması və şəhərin daha rahat yaşana bilən mühitə çevrilməsi deməkdir.
Samir HEYDƏROV,
iqtisadçı-ekspert
Bakıda planlaşdırılan yeni magistral yolların tikintisi nəqliyyat yükünün bir hissəsini mərkəzdən kənara yönəltmək baxımından olduqca zəruri addımdır. Lakin dünya təcrübəsi göstərir ki, tıxac problemi yalnız yol inşası ilə tam həll olunmur. Əksinə, böyük şəhərlərdə tıxacın köklü şəkildə azalması üçün paralel olaraq ictimai nəqliyyatın gücləndirilməsi, nəqliyyatın idarəetmə mexanizmlərinin yenilənməsi və şəhər planlaşdırmasının daha obyektiv hesablamalar əsaslarla qurulması tələb olunur.
Bakının tıxac problemini həll etmək üçün, ilk növbədə, ictimai nəqliyyatın keyfiyyətli və cəlbedici olması vacibdir. Çünki tıxacın əsas səbəblərindən biri şəxsi avtomobilə olan həddindən artıq asılılıqdır. İnsanlar avtobus və digər ictimai nəqliyyatı rahat, sürətli və təhlükəsiz hesab etmədikdə, məcburən şəxsi avtomobilə üstünlük verirlər. Bu isə yol yükünü artırır.
Tıxacın azalması üçün avtobus sisteminin keyfiyyətinin yüksəldilməsi də önəmli şərtlərdən biridir. Bu baxımdan avtobusların sayının artırılması, intervalın azaldılması, yeni marşrutların yaradılması və avtobus dayanacaqlarının müasir standartlara uyğunlaşdırılması prioritet istiqamətlərdir. Ən vacib məsələ isə ictimai nəqliyyatın vaxt baxımından üstün olmasının diqqətdə saxlanılmasıdır. Çünki əgər avtobus avtomobildən daha sürətli hərəkət edə bilirsə, bu, şəxsi nəqliyyatdan könüllü imtinanı şərtləndirir.
Nəqliyyat sıxlığının aradan qaldırılmasında avtobus zolaqlarının genişləndirilməsi və sərt nəzarət mexanizminin qurulması da vacib məsələlərdən biridir. Yeri gəlmişkən, son illər Bakının müəyyən küçələrində avtobus zolaqları istifadəyə verilməsi ictimai nəqliyyatın sürətinə müsbət təsir göstərib. Lakin bu zolaqlar hələ də məhdud əraziləri əhatə edir və bir sıra hallarda sürücülər tərəfindən pozulur.
Tıxac problemini kökündən azaltmaq üçün avtobus zolaqları daha geniş şəbəkəyə çevrilməli, şəhərin əsas arteriyalarını əhatə etməli, kameralarla və cərimə mexanizmləri ilə ciddi qorunmalıdır. Bu istiqamət həm də sosial baxımdan ədalətlidir. Çünki bir avtobusda 60-80 nəfər olursa, bu göstərici avtomobildə orta hesabla 1-2 nəfər təşkil edir. Deməli, avtobusun yolda üstünlüyü ictimai maraqlara daha uyğundur.
Tıxac probleminin həllində metronun inkişafı da prioritet istiqamətlərdən biridir. Bu baxımdan Bakı Metropoliteni şəhərin nəqliyyat sistemində ən sürətli və sabit vasitədir. Lakin mövcud metro xətləri şəhərətrafı zonaların böyük hissəsini əhatə etmir. Bu da Abşeron ətrafında yaşayan minlərlə insanın avtomobil və ya avtobusla mərkəzə daxil olmasına gətirib çıxarır. Halbuki tıxacın ən ağır hissəsi məhz şəhərətrafı axınlardan formalaşır.
Problemin həlli məqsədilə metro xətləri Xırdalan və Sumqayıta qədər genişləndirilməli, Binə, Mərdəkan, Zabrat, Hövsan kimi istiqamətlərə çıxış təmin olunmalı, Bakıətrafı elektrik qatarlarının (şəhər dəmir yolu) fəaliyyəti daha da gücləndirilməlidir.
Bakıda tıxacın bir hissəsi də düzgün olmayan parklanma və avtomobillərin şəhər mərkəzinə həddindən artıq daxil olması ilə bağlıdır. İnsanlar işə, alış-verişə, dövlət qurumlarına avtomobillə gəlməyə üstünlük verir və bu da mərkəzdə avtomobil sıxlığını artırır. Bu problemin həlli məqsədilə şəhər mərkəzində parklanma daha bahalı olmalı və məhdudlaşdırılmalı, icazəsiz parklanmalara qarşı sərt nəzarət gücləndirilməlidir, yolkənarı parklanma imkanları mərhələli şəkildə azaldılmalıdır. Paralel olaraq, Bakı ətrafında böyük dayanacaq zonaları yaradılmalı və insanlar həmin dayanacaqlarda avtomobili saxlayaraq metroya və ya avtobusa keçməlidir.
Müasir şəhərlərdə tıxacla mübarizədə texnologiyanın rolu çox böyükdür. Bakıda bəzi istiqamətlərdə “ağıllı” işıqforlar tətbiq edilsə də, bu sistemin tam miqyasda qurulmasına ehtiyac var. Məsələnin əhəmiyyətinə gəldikdə isə, qeyd edək ki, “ağıllı” nəqliyyat sistemləri real vaxt rejimində yol sıxlığını izləmək, işıqforların vaxtını avtomatik tənzimləmək, alternativ marşrutları sürücülərə təqdim etmək, qəza və yol bağlanmaları zamanı avtomatik yönləndirmə aparmaq kimi prinsipləri gerçəkləşdirir.
Vaqif BAYRAMOV
XQ