Ermənistanda Rusiya vətəndaşı olan oliqarx Samvel Karapetyanın təbliğatı gedir. Hərçənd, Baş nazir Nikol Paşinyan qanunvericiliyin onun seçkilərdə iştirakına icazə vermədiyini Kreml liderinə açıqlayıb.
Bununla belə, onun partiyası seçkilərə aktiv şəkildə qoşulub və hazırda kampaniya aparır. Karapetyanın partiyasının şanslarının yüksək olduğu deyilə bilməz, amma hakimiyyətin əsas rəqiblərindən biridir.
Azərbaycana qarşı qərəzli və revanşist mövqeyi ilə tanınan “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan bu arada növbəti siyasi bəyanatla çıxış edib. O, müraciətində Paşinyanı sərt şəkildə tənqid edərək, ölkənin guya geosiyasi qarşıdurma meydanına çevrildiyini iddia edib. Karapetyan Paşinyanın siyasətini “Rusiyaya qarşı iqtisadi müharibə” kimi təqdim edib və bunun Ermənistan üçün təhlükəli nəticələr doğuracağını bildirib. O, Paşinyanı hakimiyyətdə qalmaq üçün guya cəmiyyəti “müharibə ilə qorxutmaqda” ittiham edib və seçkilərdə onu dəstəkləyənləri yoxsulluq və qarşıdurma ilə üzləşəcəklərini iddia edib.
Maraqlıdır, Karapetyanın komandası seçkilərdə qalib gəlsə, onun Bakı ilə münasibətləri necə olacaq? Sülh sənədinin imzalanması reallaşa bilərmi?
Professor Qabil Hüseynli Musavat.com-a qeyd edib ki, Karapetyan Köçəryan və Sərkisyan kimi odioz siyasətçilərdən fərqlənir. Onun sözlərinə görə, Rusiya onu Ermənistanın “İvanişvili”si kimi siyasi dövriyyəyə buraxıb: “Karapetyan milyarderdir, ermənilər üçün pul xərcləyir, Qarabağ müharibəsi ilə əlaqəsi olmayıb, militarist biri kimi tanınmır. Yəni keçmiş “Qarabağ klanı” ilə onu birləşdirən çox az amillər ola bilər. Bu baxımdan Karapetyanın erməni ictimai rəyində qəbul olunması mümkündür. Sadəcə, onun da Rusiya kadrı olması işləri korlayır və seçicinin düşüncəsinə təsir edir. Ermənilər məhz Karapetyana görə yox, Rusiya kadrı olduğu üçün ona dəstək verməkdə ehtiyat edirlər”.

Professor bildirib ki, əgər Karapetyanın partiyası qalib gələrsə, hərçənd mütəxəssis bunu istisna edir, o zaman Azərbaycanla münasibətlərdə yeni dövr başlanacaq: “Bu münasibətlər müharibəyə səbəb olmayacaq. Sadəcə, sülh prosesində ləngimə riski var. Rusiya istər-istəməz Ermənistan hakimiyyəti üzərindən hadisələrə təsir göstərməyə çalışacaq. Bu təsirlər həm Zəngəzur dəhlizi, həm sülh sənədi, həm Qarabağla bağlı ola bilər. Yəni Moskva çalışacaq ki, gərginliyə səbəb olan addımlar atılsın, Karapetyanın vasitəsi ilə Qərbin və ABŞ-nin təsirlərini azaltsın, layihələrinə əngəl olsun, TRİPP yolu reallaşmasın, Qarabağdan gedən ermənilər mövzusu tez-tez gündəmə gəlsin... Amma böyük ölçüdə nəticə əldə etməyəcək. Odur ki, bizə Paşinyanın hakimiyyətdə qalması sərfəlidir”.
Emil Salamoğlu
Musavat.com