Son illərdə kosmetik məhsulların tərkibindəki kimyəvi maddələrə qarşı artan narahatlıq qadınları daha təbii alternativlər axtarmağa sövq edir. Mütəxəssislər həm büdcəyə qənaət etmək, həm də dərini zərərli maddələrdən qorumaq üçün mətbəximizdəki inqrediyentlərlə peşəkar makyaj vasitələrini əvəz etməyin mümkün olduğunu bildirirlər.
Pravda.az ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz 6 təbii resepti təqdim edir:
Təbii pomada
Dodaqlarınızı həm rəngləndirmək, həm də nəmləndirmək üçün çuğundur tozunu vazelin və ya hindqozu yağı ilə qarışdırın. Bu, dodaqlara sağlam və təbii çəhrayı ton bəxş edir.
Ev üsulu ənlik
İstədiyiniz tona uyğun olaraq kakao tozu (tünd tonlar üçün) və ya qarğıdalı nişastası ilə qarışdırılmış hibiskus tozu (çəhrayı tonlar üçün - mədinə gülü) istifadə edərək təbii ənlik hazırlaya bilərsiniz.
Təbii göz sürməsi (Layner)
Gözlərinizə incə və kəskin cizgilər çəkmək üçün aktivləşdirilmiş kömür tabletlərini bir neçə damcı aloe vera geli ilə qarışdırmaq kifayətdir.
Qaş qələmi
Qaşlarınızın daha sıx görünməsi üçün kakao tozu və bir az kastor yağı (gənəgərçək yağı) qarışığından istifadə edin. Bu qarışıq həm rəng verir, həm də tükləri kökündən qidalandırır.
Şəffaf kirpik tuşu
Kiprikləri ayırmaq və parlaqlıq vermək üçün aloe vera geli və E vitamini yağı qarışığı ideal seçimdir. Köhnə bir tuş fırçası ilə asanlıqla tətbiq olunur.
Üz pudrası
Dəridəki parıltını götürmək üçün qarğıdalı nişastasını əsas götürün. Rəngini dəri tonunuza uyğunlaşdırmaq üçün bir az darçın əlavə edərək təbii pudra əldə edə bilərsiniz.
Qeyd: Təbii inqrediyentlərə qarşı həssaslığınızı yoxlamaq üçün hazırladığınız vasitələri əvvəlcə dərinin kiçik bir hissəsində test etməyiniz vacibdir.
Əminə Bayramova