AZ

Türkiyədə də uşaqlara sosial şəbəkələr qadağan edilir

Türkiyədə sosial mediada uşaqların qorunmasına yönələn, hərtərəfli qaydaları özündə birləşdirən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi (TBMM) komissiyasından keçib.

Bizim.Media “TRT Haber”ə istinadla xəbər verir ki, qanun layihəsi 15 yaşdan kiçiklər üçün platformaların bağlanmasını, valideyn nəzarətinin məcburi edilməsini və qaydalara əməl etməyən şirkətlərə ağır cəzaların tətbiq edilməsini nəzərdə tutur.

Yeni qayda ilə sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcəklər. Şirkətlər bu qadağanı tətbiq etmək üçün "yaş təsdiqlənməsi" də daxil olmaqla bütün zəruri texniki tədbirləri görməyə borclu olacaqlar.

15 yaşına çatmış, lakin hələ yetkin olmayan uşaqlar üçün "ayrı xidmətlər" təmin ediləcək. Bu xidmətlərin təfərrüatları və görülən təhlükəsizlik tədbirləri şəbəkə provayderlərinin veb saytlarında şəffaf şəkildə dərc olunacaq.
 

Qaydalar valideyn nəzarətini rəqəmsal dünyada qanuni tələb edir. Sosial şəbəkə provayderlərindən hesab parametrlərini idarə etmək, alış-veriş, icarə və ödənişli üzvlük üçün valideyn təsdiqini tələb etmək, istifadə müddətini izləmək və məhdudlaşdırmaq kimi xüsusiyyətlərə malik aydın və başa düşülən valideyn nəzarəti vasitələri təklif etmələri tələb olunacaq.


Məlumata görə, onlayn oyunlarla məşğul olan şirkətlər isə yeni qaydalara riayət olunmasını təmin etmək üçün Türkiyədə nümayəndə təyin etməli olacaqlar. Bu tələbləri yerinə yetirməyən platformalara rabitə kanallarının ötürmə qabiliyyətinin məhdudlaşdırılması və cərimələr kimi sanksiyalar tətbiq edilə bilər.

Türkiyə hökuməti bu təklifin uşaqların məxfiliyinin qorunmasına yönəldiyi qənaətindədir.

Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr