AZ

“Türk axını”nı kim hədəfə alıb?

Avropanın siyasi xəritəsi son dövrlər enerji təhlükəsizliyi və geosiyasi rəqabətin yaratdığı yeni gərginlik xətləri ilə yenidən cızılır. Prosesdə Macarıstan xüsusi nümunə kimi ön plana çıxır. Uzun illər hakimiyyətdə olan Viktor Orban və islahat çağırışları ilə çıxış edən yeni siyasi qüvvələr arasındakı mübarizə seçkiqabağı vəziyyəti xeyli mürəkkəbləşdirir. Mövcud qarşıdurma tədricən regionda enerji marşrutları, Rusiya–Qərb münasibətləri və seçki proseslərinin legitimliyi kimi daha geniş kontekstin bir hissəsinə çevrilir.

Bu günlərdə Rusiya qazını Avropaya daşıyan “Türk axını” qaz kəmərinin Serbiya hissəsində partlayıcı maddələrin aşkar olunması sözügedən mürəkkəb kontekstin növbəti epizodlarından biri kimi yadda qaldı. Hadisə, eyni zamanda, siyasi narrativlərin necə formalaşdırıldığını və seçici davranışına təsirin hansı səviyyəyə çatdığını göstərdi. Macarıstanın baş naziri Viktor Orban bildirdi ki, onu hadisə barədə Serbiya Prezidenti Aleksandar Vuçiç məlumatlandırıb. Bunun ardınca Orban sosial şəbəkə hesabında insidentlə əlaqədar araşdırmanın davam etdiyi və ölkənin müdafiə şurasının təcili iclasının çağırıldığı barədə paylaşım etdi.

Xarici işlər naziri Peter Siyarto iclasın yekunlarına dair videomüraciətində bildirdi ki, Macarıstan, Rusiya, Türkiyə və Serbiya “Türk axını” qaz kəmərinin mümkün hücumlardan mühafizəsini gücləndirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, Serbiya və Türkiyənin energetika nazirləri, həmçinin Rusiyanın energetika nazirinin birinci müavini ilə telefon danışığı aparılıb: “Biz razılaşdıq ki, kəmər fiziki olaraq hər zamankından daha etibarlı şəkildə qorunmalıdır, çünki ona hücumlar getdikcə tez-tez baş verir. Biz sıx əlaqələr saxlamaq barədə razılığa gəldik. Hər bir tərəf öz töhfəsini verəcək və bütün Avropa boyu “Türk axını” boru kəmərinin qorunması üçün qəti tədbirlər görəcək".

Avropa üçün enerji heç vaxt sadəcə iqtisadi məsələ olmayıb. Xüsusilə Ukrayna müharibəsindən sonra enerji anlayışı siyasi və təhlükəsizlik gündəminin əsas sütununu təşkil edir. Rusiya qazının Avropaya nəqli üçün istifadə olunan marşrutlar, o cümlədən Balkanlar üzərindən keçən “Türk axını” xətti artıq geosiyasi təsir aləti kimi dəyərləndirilir. Ona görə də Serbiya ərazisində aşkar edilən partlayıcılar təsadüfi hadisə kimi görünmür. Bu halda Serbiya lideri Vuçiç tərəfindən səsləndirilən “kritik infrastruktur üçün təhdid” ifadəsi, əslində, daha geniş mesajı ehtiva edir. Vuçiçin fikirləri bir daha təsdiqləyir ki, regionda enerji xəritəsi üzərində gedən mübarizə yeni və daha riskli mərhələyə qədəm qoyur. Bir məqamı da qeyd edək ki, əgər bu partlayıcılardan istifadə olunsaydı, nəticələr siyasi baxımdan da “dağıdıcı” olardı. Qaz axınının dayanması Macarıstan kimi ölkələr üçün ciddi enerji böhranı yarada, eyni zamanda, Avropa daxilində enerji siyasəti ilə bağlı mövcud fikir ayrılıqlarını daha da dərinləşdirə bilərdi.

“Türk axını”nın region üçün əhəmiyyəti son dərəcə böyükdür. Maraqlıdır ki, Macarıstan mediasında insidentlə bağlı yayımlanan xəbərlərdə “Şimal axını” qaz kəmərlərinin partladılması xəbəri də xatırladılır. Çünki Almaniya məhkəməsinin nəticələrinə əsasən, diversiyada xarici sifariş çərçivəsində hərəkət edən Ukrayna tərəfinin iştirakı mümkün hesab olunur. Qaz infrastrukturuna qarşı hücumlar və ya təhdidlər daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsinə çevrilir.

Daha bir məqamı qeyd edək ki, ölkədə parlament seçkilərinə cəmi bir həftə qalmış belə bir insidentinin baş verməsi təsadüfi sayılmır. İstər-istəməz “saxta bayraq” əməliyyatı ehtimalı yenidən gündəmə gəlir. Müxalifətin əsas simalarından biri olan Peter Maqyar bu ehtimalı açıq şəkildə dilə gətirərək iddia edib ki, belə hadisələr seçicilərdə qorxu yaratmaq və mövcud hakimiyyətin “təhlükəsizlik təminatçısı” obrazını gücləndirmək üçün istifadə oluna bilər. Tarix göstərir ki, təhlükəsizlik böhranları çox vaxt siyasi hakimiyyətlər tərəfindən legitimliklərini möhkəmləndirmək üçün istifadə olunub. Çünki qorxu hissi seçici davranışına birbaşa təsir edir, qeyri-müəyyənlik və risk şəraitində insanlar adətən dəyişiklikdən daha çox sabitliyi seçirlər. Ona görə də müxalifət Orban və onun rəhbərlik etdiyi “Fidesz” partiyasının məhz bu narrativ üzərində qurulmuş kampaniya apardığını düşünür. Ukraynadakı müharibə və onun regiona mümkün təsirləri də Macarıstan üçün ekzistensial təhlükə kimi təqdim olunur. Bu çərçivədə hakimiyyət əleyhdarları hesab edirlər ki, Orban özünü təcrübəli və güclü lider kimi göstərərək riskləri idarə edə biləcək yeganə fiqur olduğunu vurğulayır. Ona görə Magyar və onun tərəfdarları elektoratı daha çox iqtisadi durğunluq və korrupsiya kimi məsələlərə yönəltməyə çağırır.

Yeri gəlmişkən, ABŞ və Rusiyanın prosesə dolayısı ilə təsir göstərmək cəhdləri haqqında iddialar vəziyyəti daha da mürəkkəbləşdirir. Donald Trampın Orbana verilən açıq dəstək və eyni zamanda, Rusiya ilə əlaqəli dezinformasiya şəbəkələri barədə yayılan məlumatlar seçkilərin beynəlxalq əhəmiyyətini artırır. Bu, daha geniş tendensiyanın göstəricisidir. Seçkilər artıq qlobal güclər arasında rəqabətin bir hissəsinə çevrilir. Bu rəqabət isə bəzən ənənəvi diplomatik vasitələrdən kənara çıxaraq kəşfiyyat əməliyyatları, informasiya manipulyasiyası və hətta təxribat ssenariləri ilə müşayiət olunur.

Ümumiyyətlə “saxta bayraq” əməliyyatları iddiası anlayışı tarixdə dəfələrlə istifadə olunub. Ona görə də Macarıstanda baş verən hadisə ilə bağlı belə iddiaların səsləndirilməsi təəccüb doğurmamalıdır.

Yeganə HACIYEVA,
politoloq

Viktor Orban və partiyası üçün bu insident, eyni zamanda, ikiqat risk daşıyır. İlk növbədə vəziyyətin gərginliyi 12 aprel parlament seçkiləri ərəfəsində xüsusilə artıb. Həmin seçkilərdə baş nazir Orbanın partiyası “Fidesz”in mövqeyi ölkədə və cəmiyyətdə uzun illər sonra ilk dəfədir ki, nəzərəçarpacaq dərəcədə zəifləyib. Bir tərəfdən, bu insident enerji marşrutlarının nə qədər həssas olduğunu göstərdi və avtomatik olaraq təhlükəsizlik sistemi, regional koordinasiya və Macarıstanın enerji modelinin dayanıqlılığı barədə gündəmə gətirdi.

Müxaliflər hadisəni seçkiqabağı siyasi manipulyasiya kimi təqdim edir ki, bu da Orbanın rəhbərlik etdiyi hökumətin etimadına ciddi zərbə vurur. Onlar həm də insidentdən istifadə edərək hakimiyyətin kritik infrastrukturlara nəzarət edə bilmədiyini və ya seçkiqabağı qorxu yaradaraq əlavə səs toplamağa çalışdığını deyirlər. Sözügedən təbliğat baş nazir Orban üçün risk yaradıb, onu cəmiyyətə şübhə, seçkiqabağı qorxu atmosferi yaradan, xalqın qorxusunu manipulyasiya edərək öz postunu qoruyan lider kimi təqdim edir. Müxalifət hökümətə qarşı həm də “təhlükəsizlik məsələlərində axsama var” kimi əks arqument əldə edib və bu tezis seçki kampaniyasının əsas elementinə çevrilib. Orban və partiyası isə insidenti “Macarıstan xarici təzyiq altındadır, ölkənin suverenliyi və sabitliyi yalnız Orban kimi güclü liderlə təmin oluna bilər” arqumenti ilə çıxış edirlər.

İnsident Macarıstan üçün geosiyasi təsirlər də yaradır. “Türk axını” ətrafında baş verən insident daha geniş mənada Macarıstanın regional dayanıqlılığını sual altına alır. Macarıstan son illər xarici və enerji siyasətini maksimum praqmatik yanaşma üzərində qurub. Bu cür risklər isə hakimiyyət üçün həm Avropa tərəfdaşlarından, həm də daxili siyasi rəqiblər tərəfindən təzyiq yaradır. Bir sözlə, hadisə bir neçə kritik məsələlərdə, təhlükəsizlik, enerji, hökumətə etimad və seçkiqabağı mübarizədə narahatlıqlar yaradıb.

Nəzrin ELDARQIZI
XQ

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr