AZ

Artemis II hədəfinə çatdı

NASA-nın 54 ildən sonra həyata keçirdiyi ilk insanlı Ay səfərində iştirak edən astronavtlar, dünyadan ən uzağa çatan insanlar kimi tarixə düşdü. Əvvəlki rekord 1970-ci ildə Dünya’dan 40 min km uzağa gedən Apollo 13 astronavtlarına məxsus idi.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Artemis II missiyasında iştirak edən dörd astronavt Ayın cazibə sahəsinə daxil oldu. Təxminən 406 min 765 kilometr məsafəyə çatan ekipaj insanlı kosmik uçuşlar üzrə yeni rekord qırdı. Beləliklə, Apollo 13-ün yarım əsrlik rekordu geridə qaldı. Apollo 13-ün rekordu 400 min 171 km idi.

Ekipaj Ayın görünməyən (uzaq) tərəfi ətrafında dövrə vuraraq səthdən təxminən 6 min 400 kilometr yüksəklikdə müşahidələr apardı.

Bu nailiyyət təxminən 10 gün davam edəcək Artemis II missiyasının ən kritik mərhələlərindən biri hesab olunur. Artemis II, NASA-nın Artemis proqramı çərçivəsində həyata keçirilən ilk ekipajlı sınaq uçuşudur.

Astronavtların olduğu Orion kapsulu Ayın arxa tərəfinə keçəndə, kosmik gəmi ilə ABŞ-ın Houston şəhərində yerləşən idarəetmə mərkəzi arasında əlaqə kəsildi. Ekipaj 40 dəqiqə ərzində tamamilə tək qaldı. Planlaşdırıldığı kimi, Orion Ayın arxasından yenidən ortaya çıxanda Dünya ilə əlaqə bərpa olundu. Əvvəl mühəndislərin ekranlarında radio siqnalının geri qayıtdığı görüldü, sonra isə məlumat axını başladı.

40 dəqiqəlik əlaqə kəsilməsi zamanı kosmik gəmi öz-özünə işləməli idi. Daxili kompüterlər, Dünya’dan nə görünən, nə də eşidilən Ayın arxa tərəfində kritik mühərrik işə salınmasını həyata keçirərək Orion-u geri dönüş trayektoriyasına yönəltdi. Astronavtlar Günəş tutulmasına şahid oldu. Astronavtlar geri dönüş zamanı “toqquşma parıltıları”nı müşahidə etdilər. Bunlar kiçik kosmik cisimlərin Ay səthinə çox yüksək sürətlə çırpılması nəticəsində həm özlərinin, həm də Ay səthinin kiçik bir hissəsinin buxarlanması ilə yaranan qısa və ani işıq partlamalarıdır.

Ekipaj bir saatlıq müşahidə fasiləsi verdi və daha sonra tam Günəş tutulmasını izləmək imkanı əldə etdi.

NASA astronavtı Victor Glover bu anları belə təsvir edib:“Bu, qeyri-real kimidir. Günəş Ayın arxasına keçdi, amma korona hələ də görünür; parlaqdır və demək olar ki, Ayın ətrafında halə yaradır.”

O əlavə edib:“Dünya orada inanılmaz dərəcədə parlaqdır və Ay düz qarşımızda asılı vəziyyətdədir. Qarşımızdakı bu qaranlıq kürə… əslində tam qaranlıq deyil; boz çalarlar qaralığa qarışır. Arxasında ulduzları və planetləri görə bilirik. Vay! İnanılmazdır!”

Orion kosmik gəmisindəki ekipaj son yeddi saatlıq müşahidə zamanı topladıqları bütün görüntü və məlumatları Dünya’ya ötürməyə başladı.

Müəllif: Günay Hacıyeva
Seçilən
16
1
sia.az

2Mənbələr