BAKI, 8 aprel. TELEQRAF
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Vaşinqton və Tehran arasında əldə edilmiş razılaşmanı müsbət addım adlandırıb.
Teleqrarf xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.
Kaya Kallas qeyd edib ki, tərəflər arasında hərbi əməliyyatların dayandırılması həftələrlə davam edən gərginlikdən sonra geri atılmış mühüm addımdır:
"Bu atəşkəs təhdidləri azaltmaq, raket hücumlarını dayandırmaq və Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini bərpa etmək üçün zəruri imkan yaradır".
Ali nümayəndə Pakistanın xarici işlər naziri İshaq Dar ilə danışdığını və ilkin sövdələşmənin əldə olunmasında göstərdiyi vasitəçilik səylərinə görə ona təşəkkür etdiyini bildirib. Kaya Kallas vurğulayıb ki, münaqişənin köklü səbəbləri hələ tam həll olunmadığı üçün diplomatiya qapıları açıq qalmalıdır.
Avropa İttifaqının bu istiqamətdəki prosesləri dəstəkləməyə hazır olduğunu xatırladan K.Kallas, məsələni bu gün Səudiyyə Ərəbistanında tərəfdaşları ilə müzakirə edəcəyini diqqətə çatdırıb.