AZ

Cənubi Qafqazın dəyişməyən sabitlik oxu - Bakı ilə Tiflis saatlarını yenidən qurur

Cənubi Qafqazda tez-tez dəyişən geosiyasi reallıqlar fonunda bir xətt daim sabit qalır: Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq.


Bu tərəfdaşlıq zamanın bütün siyasi-iqtisadi təbədüllatlarına uğurla sinə gərir, nəinki dözür, dayanır, əksinə hələ inkişaf da edir. Elə Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana son dövlət səfəri bu reallığı bir daha təsdiqlədi və münasibətlərin daha yeni və aktual məzmun qazandığını göstərdi. Çünki bu səfər sadə protokol xarakterli diplomatik görüşlərdən daha artıq məna daşıyırdı.


Birincisi ona görə ki, səfər ən başlıcası regionda güc balansının, enerji xəritəsinin və nəqliyyat marşrutlarının yenidən formalaşdığı həssas bir dövrdə Bakı ilə Tbilisi arasında strateji sinxronlaşmanın nümayişi idi.  Səfərin ən mühüm nəticələrindən biri kimi öncə siyasi etimadın nümayişini qeyd etməliyik. Gürcüstanın baş naziri İrakli Kobaxidze  ilə keçirilən görüşlərdə tərəflər açıq şəkildə göstərdilər ki, regionda hansı dəyişikliklər baş verməsindən asılı olmayaraq, Bakı–Tbilisi xətti öz strateji mahiyyətini uğurla qorumağı bacarır. Bu münasibətlər təkcə ənənəvi diplomatik jestlərə, adi formal bəyanatlara əsaslanmır. Burada söhbət qarşılıqlı maraqların üst-üstə düşdüyü və real nəticələri olan tərəfdaşlıqdan gedir: ərazi bütövlüyünə dəstək, təhlükəsizlik məsələlərində koordinasiya və beynəlxalq platformalarda ortaq mövqelər.


 Ənənəvi layihələr, amma yeni imkanlar

Bir qədər obrazlı desək Azərbaycan–Gürcüstan əməkdaşlığının “ürəyi” enerji sektorudur. Bu mənada Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi artıq sadəcə iqtisadi layihə deyil, onlar həm də sabitləşdirici siyasi alətə də çevriliblər. Avropanın enerji təhlükəsizliyinin aktuallaşdığı bir dövrdə bu marşrutların əhəmiyyəti gündən-günə daha da artır. Odur ki, prezident İlham Əliyevin Gürcüstana səfəri və əldə olunan nəticələr  bu sahədəki əməkdaşlıqların yalnız qorunması yox, həm də genişləndirilməsinə dair Bakı ilə Tbilisinin birgə eyhamı idi. Eləcə də yaşıl enerji gündəliyinin aktuallaşması  iki ölkə üçün yeni əməkdaşlıq sahəsi açır. Xəzərdən Qara dənizə uzanan potensial “yaşıl enerji dəhlizi” artıq masa üzərində olan müzakirə predmetidir.


Nəqliyyat sahəsində əməkdaşlıq isə daha geniş geosiyasi kontekstdə  dəyərləndirilməlidir. Bakı-Tbilisi-Qars dəmir yolu təkcə regional layihə deyil – o, Avrasiya miqyasında alternativ ticarət marşrutunun artıq bir hissəsinə çevrilib. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər fonunda Orta Dəhlizin əhəmiyyəti də artır. Bu isə Azərbaycan və Gürcüstanı sadəcə tranzit ölkələr yox, strateji logistika mərkəzlərinə çevirir. İki ölkə arasında münasibətləri daha canlı və dinamik edən vacib məqamlardan biri isə siyasi bəyanatların, diplomatik gedişlərin  arxasında konkret iqtisadi maraqların dayanmasıdır.


Azərbaycan Gürcüstan iqtisadiyyatında əsas investorlardan biridir və bu fakt münasibətlərin dayanıqlığını təmin edən ciddi sütunlardan sayılır. Enerji, bank sektoru, infrastruktur – bütün bu sahələrdə qarşılıqlı asılılıq yaranıb. Bu isə münasibətləri konyuktur  dəyişikliklərdən qoruyan “təhlükəsizlik yastığı” rolunu oynayır. Təbii ki, müasir dünyada dövlətlərarası əlaqələrdə  iqtisadi-siyasi maraqlarla yanaşı humanitar məsələlər də yaddan çıxmamalıdır. Bəzən diqqətdən kənarda qalan mənəvi dəyərlər, insani münasibətlər iki xalq arasında ən səmimi bağlar, körpülər yarada bilir. Bu baxımdan Gürcüstanda çoxsaylı soydaşlarımızın yaşaması, ortaq mədəni mühit və tarixi qonşuluq münasibətləri siyasi və iqtisadi əməkdaşlığı tamamlayan mühüm elementlər hesab edilməlidir. Fikirlərimizi  yekunlaşdıraraq sonda deyə bilərik ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri bir daha göstərdi ki, Bakı–Tbilisi münasibətləri situativ deyil, sistemlidir. Bu tərəfdaşlıq təkcə iki ölkənin maraqlarına xidmət etmir, həm də regionun ümumi sabitliyində mühüm rol oynayır. Cənubi Qafqazda çox şey dəyişə bilər, amma bir reallıq daim dəyişməz qalır: Azərbaycan və Gürcüstan arasında formalaşmış strateji ox hələ uzun müddət regionun siyasi və iqtisadi arxitekturasını müəyyən edəcək.


QAFQAZ  CƏNUBLU

Seçilən
13
manset.az

1Mənbələr