AZ

Çiyələk və alça satışa çıxdı: Belə yoxlayın, sonra alın! Sadə üsul

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Son günlər bazarlarda çiyələk və alçanın satışa çıxarılması alıcıların diqqətini çəkib. Adətən may-iyun aylarında yetişən bu mövsümi meyvələrin daha erkən dövrdə satışa təqdim olunması onların mənşəyi və yetişdirilmə şəraiti ilə bağlı müxtəlif suallar doğurur.

Bu cür meyvələrin keyfiyyəti və insan sağlamlığına təsiri ilə bağlı hansı risklər mövcuddur?

Globalinfo.az-a danışan qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəliyev deyib ki, aprel ayında bazarlarda gördüyümüz çiyələk və alçalar həm qida təhlükəsizliyi, həm də orqanoleptik keyfiyyət baxımından ciddi analiz edilməlidir:

“Apreldə satılan çiyələk və alça ya istixanada yetişdirilir, ya da cənub ölkələrindən idxal edilir. Bu meyvələrin təbiiliyi yox, daha çox yetişdirilmə zamanı istifadə olunan nitratlar və stimulyatorlar əsas risk faktorudur. Həmin meyvələrin mövsümdən əvvəl rəflərdə olmasının bir neçə səbəbi var. Ölkəmizin cənub zonalarında və Bakı ətrafı kəndlərdə qızdırılan istixanalarda yetişdirilirlər. Burada günəş işığı az olduğu üçün meyvə təbii şəkərini toplaya bilmir. Nəticədə dadı ot kimi olur. Meyvənin tez böyüməsi, eyni rəngdə qızarması üçün stimulyatorlardan istifadə edilə bilər. Bu, bitkinin hüceyrələrini su ilə doldurur. Ona görə də aprel çiyələyi böyük, amma daxili boş və dadsız olur. Erkən məhsul almaq üçün torpağa normadan artıq azotlu gübrələr verilir. Günəş az olduqda bitki bu azotu emal edə bilmir və meyvədə nitrat şəklində yığılır”.

Asim Vəliyev

Mütəxəssis bildirib ki, təbii çiyələyin ətri 2-3 metr məsafədən hiss olunmalıdır:

“Əgər çiyələyi burnunuza yaxınlaşdırdıqda heç bir qoxu gəlmirsə, təbii olmadığını deyə bilərik. Alça həddindən artıq parlayırsa və dişləyəndə içi tamamilə ağdırsa, çəyirdəyi hələ formalaşmayıbsa onun hələ tam hazır olmadığını göstərir. Çiyələyin içi boşdursa, saplağı tünd yaşıldırsa, kimyəvi müdaxilənin əlamətidir. Erkən mövsüm meyvələrini yeməzdən əvvəl 15-20 dəqiqə soyuq suda saxlamalıyıq ki, səthdəki pestisidlər və nitratların bir hissəsi su ilə nisbətən təmizlənsin”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
globalinfo.az

1Mənbələr