AZ

Revanşistlər Qərbi Azərbaycandan “xoxan” yaradır

Azərbaycana qarşı yeni çirkin kampaniya başladılıb

“Bu yaxınlarda Ermənistanın sərhəd bölgələrində - məhz azərbaycanlıların köçürüləcəyi ərazilərdə neçə məktəbin bağlandığı barədə hesabat dərc edilib. Azərbaycan Ermənistana qarşı tələblər paketi və onların həyata keçirilməsi mexanizmləri yaradırlar. Buna görə də 7 iyunda vətəndaşlar Ermənistan və "Qərbi Azərbaycan" arasında seçim edəcəklər". Bu barədə Rusiya ermənilərinin Yekramos.org saytı yazıb.

Xatırladaq ki, bundan əvvəl də erməni mənbələrində sərhədə yaxın kəndlərdən ermənilərin çıxarıldığı, Azərbaycanın isə həmin istiqamətlərdə yeni postlar qurduğu barədə iddialar səsləndirilirdi. İddia olunurdu ki, Azərbaycan yeni postlar yaradıb və Ermənistan ərazisi üzərində nəzarətini daha da gücləndirib. Yada salaq ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə birgə Komissiyanın növbəti iclasının martda keçiriləcəyi gözlənilirdi, amma bu görüş baş tutmadı.  Komissiyalar arasında son iki görüşün Azərbaycan ərazisində keçirildiyini nəzərə alaraq, bu dəfə Şahin Mustafayev Ermənistana gedəcək.

Bu cür xəbərlərin ortaya atılmasında məqsəd aydındır: həm Ermənistan cəmiyyətində narahatlıq yaratmaq, həm də beynəlxalq auditoriyada “təhlükə altında olan Ermənistan” obrazını gücləndirməkdir. Qərbi Azərbaycana qayıdış ətrafından da oxşar yanaşma müşahidə olunur.

Məsələn, məktəblərin bağlanması kimi sosial məsələ siyasi və geosiyasi kontekstə çəkilərək “azərbaycanlıların köçürüləcəyi ərazilər” kimi təqdim edilir. Halbuki sərhəd bölgələrində məktəblərin fəaliyyətinin dayandırılması çox zaman demoqrafik azalma, təhlükəsizlik və ya iqtisadi səbəblərlə bağlı olur. Bu isə avtomatik olaraq hansısa “köç planı”nın sübutu sayıla bilməz.

“7 iyunda Ermənistan və "Qərbi Azərbaycan" arasında seçim” tezisi isə daha çox siyasi manipulyasiya təsiri yaradır. Revanşistlər bu cür ifadələrlə ictimai rəyə təsir etmək, prosesləri dramatik və qaçılmaz göstərmək üçün istifadə edir. Bu iddia ətrafında yayılan məlumatlar təkcə bir xəbər kimi deyil, regionda davam edən informasiya qarşıdurmasının növbəti epizodu kimi qiymətləndirilməlidir. Ermənistanla bağlı bəzi dairələrin son vaxtlar sərhədyanı ərazilərdə məktəblərin bağlanması, əhalinin köçürülməsi və guya Azərbaycanın həmin ərazilərə qayıdış planları qurması barədə yaydıqları məlumatlar revanşist qüvvələrin informasiya təxribatıdır.

Beləliklə, aydın olur ki, Ermənistanda seçki kampaniyasında Rusiyaya bağlı müxalifətin və onlara havadarlıq edən Rusiyadakı saytların və ermənilərin Paşinyana qarşı təbliğatında Qərbi Azərbaycan məsələsindən də istifadə edilir. Paşinyanı Azərbaycanın Qərbi Azərbaycana qayıdış planını həyata keçirməkdə olduğu, sərhədyanı ərazilərdən məktəbləri və əhalinin köçürülərək azərbaycanlıların qayıdışı üçün hazırlıq aparıldığı iddia edilir. Belə demək mümkündürsə, Qərbi Azərbaycan məsələsini erməni xalqına “xoxan” kimi təqdim edirlər. Bu təbliğatla seçiciləri aldada bilərlərmi və Paşinyanın mövqelərinə, səslərinə ciddi təsir göstərilməsi mümkün olarmı?

Oqtay

 Oqtay Qasımov 

Qərbi Azərbaycandan olan politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca orada təbliğatın ən çirkin formalarının şahidi olacağıq. Tərəflər bir-birini bütün vasitələrlə qaralamağa və gözdən salmağa çalışacaqlar: “Bu məsələdə xüsusilə Rusiyaya bağlı erməni müxalifəti, revanşist qüvvələr, onlara dəstək verən Rusiyadakı erməni saytları, təşkilatları xüsusi fərqlənirlər. Rusiyadan aldıqları dəstək və sifarişlərlə Paşinyana qarşı ən ağıla gəlməz ittihamlarla dolu antitəbliğat kampaniyası aparacaqlar. Əslində Paşinyana qarşı onların əlində çox da ciddi kozırların olduğunu düşünmürəm. Belə ki, onların Paşinyanı ittiham etmək imkanları çox azdır. Xüsusilə də nəzərə alsaq ki, məhz Rusiyanın əlaltılarının hakimiyyətdə olduğu 20 ildən artıq müddətdə Ermənistanda ciddi avtoritar və cinayətkar rejimlər fəaliyyət göstərib. Onlar Ermənistan dövlətinin və xalqının əmlakını talamaqla, dövlətin əmlakına nəzarəti başqa dövlətə vermişdilər. Bundan başqa, həmin qüvvələr ölkəni korrupsiya ilə sarsılmaq həddinə gətirmişdi. Paşinyan hakimiyyətə gələndən indiyə qədər korrupsiya əhəmiyyətli dərəcədə azaldılıb ki, bu da seçicilərin Paşinyana dəstək verməsinin mühüm səbəblərindən biri hesab olunur”.

Politoloq qeyd etdi ki, məlum cinayətkarların təmsil olunduğu cinah və onların dəstəkçiləri Paşinyanın sülh tezisinə qarşı arqument tapa bilmirlər: “Ona görə də indi də Qərbi Azərbaycan mövzusunu qabardırlar. Qəsdən belə bir təbliğat aparılır ki, guya sərhədlərdəki məktəblər və kəndlər boşadılır, azərbaycanlılar oraya köçürüləcək. Bu cür yalan təbliğatla erməni cəmiyyətinə müəyyən qədər təsir etməyə çalışacaqlar. Qərbi Azərbaycan mövzusundan sui-istifadə edilərək aparılan təbliğatın Ermənistan cəmiyyətində ciddi əks-səda doğuracağını, seçkilərin nəticələrini ciddi təsir edəcəyini hesab etmirəm. Bu təbliğatın çox cüzi müəyyən təsiri ola bilər. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Nikol Paşinyan müharibədə ağır məğlubiyyətdən sonra 2021-ci ildə Ermənistanda seçicilərin əhəmiyyətli hissəsinin səsini alaraq birpartiyalı hökumət qura bilibsə, bu o deməkdir ki, onun şansları hələ də qalmaqdadır. Paşinyan, o cümlədən onun komandası seçkiöncəsi hər cür iyrənc təbliğatın aparılacağını yəqin ki, hesablayıblar və əks arqumentlərlə həmin qara piarı boşa çıxarmağa imkanları var. Qərbi Azərbaycan mövzusunun qabardılması seçkilərdə həlledici amil olmayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
31
musavat.com

1Mənbələr