AZ

Regiona rifah gətirən tərəfdaşlıq modeli

Aprelin 6-da Prezident İlham Əliyev Gürcüstana dövlət səfəri edib. Səfər çərçivəsində dövlət başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə görüşləri keçirilib. Görüşlər zamanı həm ikitərəfli əməkdaşlığa aid məsələlər, həm də regionda gedən cari proseslər müzakirə olunub. Eyni zamanda dövlət rəhbərləri mətbuata bəyənatlarla çıxış ediblər.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, iki ölkə arasında siyasi dialoq ən yüksək səviyyədə aparılır və qarşılıqlı etimada əsaslanır. Dövlət başçılarının və hökumət nümayəndələrinin mütəmadi səfərləri bu münasibətlərin dərinliyini və sabitliyini nümayiş etdirir. Bu cür təmaslar iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün yeni imkanlar yaradır və strateji tərəfdaşlığı daha da möhkəmləndirir. "İqtisadi əməkdaşlıq bu münasibətlərin əsas sütunlarından biridir.Ticarət dövriyyəsinin artması, sərmayələrin təşviqi və iqtisadi əlaqələrin şaxələndirilməsi iki ölkənin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığını gücləndirir. Ötən il Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 881 milyon ABŞ dolları təşkil edib. Enerji sahəsində tərəfdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qazının Gürcüstan üzərindən Qərbə nəqli Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan və "Cənub qaz dəhlizi" kimi layihələr yalnız ikitərəfli deyil, həm də beynəlxalq əhəmiyyət kəsb edir. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir və Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu gücləndirir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq da strateji xarakter daşıyır. 5 milyon ton daşıma gücünə malik Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şərqlə Qərb arasında səmərəli bağlantı yaradaraq regionun tranzit potensialını artırır. Hazırkı regional geosiyasi proseslər bu yolun Avropa-Asiya marşrutu üzrə əhəmiyyətini daha da artırıb. Yeni əməkdaşlıq sahəsi olan Ermənistan-Azərbaycan normallaşma və etimad quruculuğunun növbəti addımı kimi Ermənistana Azərbaycan neftinin daşınması da məhz bu marşrutdan keçir. Bununla yanaşı, humanitar və mədəni əlaqələr xalqlar arasında dostluq və qarşılıqlı anlayışı daha da gücləndirir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir, suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe nümayiş etdirirlər.

P.Vəliyeva deyib ki, regional təhlükəsizlik məsələləri də əməkdaşlığın əsas istiqamətlərindəndir: "Müdafiə və təhlükəsizlik sahəsində dialoq qarşılıqlı etimadı artırır və regionda sabitliyin qorunmasına xidmət edir. Ümumilikdə, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də daha geniş regional və qlobal kontekstdə mühüm rol oynayır. Bu tərəfdaşlıq modeli sabitlik, inkişaf və qarşılıqlı fayda prinsiplərinə əsaslanaraq region üçün uğurlu nümunə kimi çıxış edir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
30
2
azerbaijan-news.az

5Mənbələr