AZ

Rusiyalı qastroenteroloq həzm sisteminə zərər verən gündəlik vərdişləri açıqlayıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Həzm sisteminin normal fəaliyyəti birbaşa gündəlik həyat tərzi və vərdişlərimizlə bağlıdır. Bu səbəbdən bir çox hallarda orqanizmdə ciddi funksional pozğunluqlar meydana gəlir.

Oxu.Az xəbər verir ki, rusiyalı mütəxəssis, qastroenteroloq Maksim Çulev "İzvestiya" nəşrinə müsahibəsində mədə-bağırsaq traktına mənfi təsir göstərən əsas faktorları açıqlayıb.

Mütəxəssis qeyd edib ki, ən çox rast gəlinən pozğunluqlar qidalanma rejiminin olmamasından qaynaqlanır. Qida qəbulu arasındakı böyük fasilələr, səhər yeməyindən imtina etmək və ardınca həddindən çox qida qəbulu mədəni yükləyərək onun işini çətinləşdirir.

Həkim bildirib ki, ayaqüstü və ya tələsik qidalanmaq da orqanizmə zərər vurur:

"Bu zaman yemək tam çeynənmədiyi və tüpürcəklə lazımi qədər islanmadığı üçün sonrakı həzm prosesi zəifləyir və müxtəlif narahatlıqlar yaradır".

Həzmə ziyan vuran digər səbəb isə qızardılmış, çox yağlı və ultra emal olunmuş məhsulların daimi istifadəsidir. Belə yeməklər mədənin gec boşalmasına yol açır, nəticədə ağırlıq hissi, köp və bağırsaq fəaliyyətində ləngimələr yaranır.

M.Çulev həmçinin az su içməyin də zərərli vərdişlər siyahısında olduğunu vurğulayıb. Maye çatışmazlığı bağırsaqların hərəkətini zəiflədərək qəbizlik yaradır. Su mədə qişasının qorunmasında və fermentlərin düzgün fəaliyyətində mühüm rol oynayır.

Qastroenteroloqun fikrincə, stresin mənfi nəticələri də gözardı edilməməlidir. Sinir sistemi mədə-bağırsaq traktı ilə birbaşa əlaqəli olduğu üçün emosional gərginlik spazmlara, ağrılara və həzm prosesinin pozulmasına gətirib çıxarır.

Tütün məmulatları, alkoqol və həddindən artıq qəhvə istehlakı da ciddi fəsadlar törədir. Onlar mədənin selikli qişasını qıcıqlandıraraq iltihab proseslərinə təkan verir. Xüsusilə çoxlu kofein qəbulu mədə şirəsinin ifrazını artırır ki, bu da uzunmüddətli dövrdə qıcqırma və qastrit ehtimalını çoxaldır.

"Sağlam həzm üçün qidalanma rejiminə diqqət yetirmək, yeməyi tam çeynəmək, kifayət qədər su içmək və stressdən uzaq durmaq şərtdir. Hər hansı mənfi əlamət hiss olunduqda isə mütləq mütəxəssisə müraciət edilməlidir", - deyə həkim fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
oxu.az

1Mənbələr