AZ

Ben Roberts-Smit hərbi cinayətlər işi üzrə həbsdə qalacaq

Avstraliyada SAS elit bölməsinin keçmiş hərbi qulluqçusu Ben Roberts-Smit Əfqanıstanda törədilmiş hərbi cinayətlərdə ittiham olunaraq həbsdə qalacaq.

"Far.Az" xəbər verir ki, bu barədə Avstraliya mediası məlumat yayıb.

İstintaqın məlumatına görə, 47 yaşlı Roberts-Smitə 2009-2012-ci illər ərzində Əfqanıstanda beş dinc sakinin öldürülməsi ilə bağlı ittiham irəli sürülüb. Bəndlərin hər biri üzrə onu ömürlük həbsə qədər cəza gözləyir.

Həbs edildikdən sonra keçmiş hərbi qulluqçunun girov müqabilində azadlığa buraxılmasından imtina edilib. O, gecəni Sidneyin qərbində yerləşən Silveruoter islah kompleksində keçirib.

Növbəti məhkəmə iclasında müdafiə tərəfi onun azadlığa buraxılmasına çalışmayıb. Roberts-Smitin vəkili Cordan Portokalli məhkəmədə müvafiq vəsatətin verilməyəcəyini bildirib və həmin günün sonlarına doğru əyani dinləmənin təyin olunmasını xahiş edib.

Hakim Lukas Svon işə iyunun 4-də yenidən baxılması barədə qərar çıxarıb. Beləliklə, müdafiə tərəfi daha erkən dinləməyə nail ola bilməsə, təqsirləndirilən şəxs həmin tarixədək həbsdə qalacaq.

Avstraliya Federal Polisinin versiyasına görə, qurbanlar həlak olduqları vaxt hərbi əməliyyatlarda iştirak etməyib, saxlanılıb, silahsız olublar və Avstraliya hərbçilərinin nəzarəti altında idilər. İstintaq həmçinin hesab edir ki, onlar ya Roberts-Smitin özü tərəfindən, ya da onun əmri və iştirakı ilə tabeçiliyində olanlar tərəfindən öldürülüblər.

İstintaqı Avstraliya Federal Polisi və Avstraliya hərbçiləri tərəfindən törədilə biləcək mümkün cinayətlər barədə bəyanatları yoxlamaq üçün yaradılmış Xüsusi Müstəntiq İdarəsi aparır. İstintaq 2021-ci ildən bəri davam edir.

Xüsusi aviasiya xidməti alayında xidmət etmiş Roberts-Smit əvvəllər ən məşhur Avstraliya hərbçilərindən biri hesab olunurdu. O, 2006–2012-ci illərdə Əfqanıstana altı ezamiyyətdə iştirak edib və "Viktoriya Xaçı" da daxil olmaqla bir sıra ali mükafatlara layiq görülüb.

Keçmiş hərbi qulluqçunun özü Əfqanıstandakı xidməti ilə bağlı bütün ittihamları rədd edir.

Seçilən
35
far.az

1Mənbələr