ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Son günlər Bakıda yağan güclü yağışlar paytaxtın bəzi ərazilərində subasma problemini yenidən gündəmə gətirib. Bildirilir ki, şəhərin bəzi mərkəzi ərazilərində də subasma müşahidə olunub. Çıxış yolu kimi təklif edilən variantlardan biri də yağış sularının xüsusi kanallarla, kollektorlarla dənizə axıdılmasıdır. Bildirilir ki, bu yolla həm yağış suları tez təmizlənər, həm də Xəzər dənizində suyun həcmi artar.
Sözügedən versiya nə qədər realdır?
Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, son yağıntılar şəhərdə yeni infrastrukturun, kanalizasiya xətləri və kollektorların vəziyyətində problemlərin olduğunu göstərdi:
“Baş verənlər göstərir ki, ciddi monitorinqlər aparılmalıdır. Bu istiqamətdə fundamental işlərin görülməsinə böyük ehtiyac var. Bu işlər çərçivəsində, təbii ki, köhnə, çirklənmiş və müxtəlif tullantılarla dolmuş xətlərin təmizlənməsi, eyni zamanda, yenilənməsi zəruridir”.
Yağış sularının dənizə axıdılması məsələsinə gəlincə, Ramil Osmanlı qeyd edib ki, bu, ilkin mərhələ üçün yaxşı variantdır:
“Bilirsiniz ki, ölkə başçısının göstərişi var, gələcəkdə yağış suları idarə olunmalıdır, müəyyən anbarlara toplanmalı və həmin sulardan filtrləndikdən sonra məişətdə və digər sahələrdə istifadə edilməlidir. Hələ ki bu istiqamətdə işlər başlamayıb. Amma hesab edirəm ki, yeni infrastrukturun mövcud vəziyyəti diqqətə alınmalı, gələcəkdə bu cür problemlərin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir”.
Zaira Akifqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.