7-13 aprel tarixlərində gözlənilən geomaqnit qasırğası təkcə kosmik hadisə kimi deyil, insan sağlamlığına mümkün təsirləri ilə də əhalini narahat edir.
Son günlər mütəxəssislər bu prosesin bəzi insanlarda müxtəlif narahatlıqlar yarada biləcəyi ilə bağlı xəbərdarlıq edir. Xüsusilə risk qrupuna daxil olan şəxslərin bu günlərdə daha diqqətli olması tövsiyə olunur. Həkimlər bildirir ki, düzgün rejimə əməl etməklə bu təsirləri minimuma endirmək mümkündür.
“Yeni Sabah” xəbər verir ki, rusiyalı həkim-kardioloq Aleksandr Myasnikov geomaqnit aktivliyin orqanizmə təsirindən danışarkən bildirib ki, maqnit sahəsində baş verən dəyişikliklər sinir və ürək-damar sisteminə təsir göstərə bilər.
Onun sözlərinə görə, bu günlərdə bəzi insanlarda baş ağrısı, halsızlıq, yuxusuzluq, əsəbilik və arterial təzyiqdə dalğalanmalar müşahidə oluna bilər. Həkim qeyd edib ki, xüsusilə hipertoniya, ürək-damar xəstəlikləri və miqren problemi olan şəxslər daha həssas olur.

Mütəxəssis əlavə edib ki, geomaqnit qasırğaları birbaşa xəstəlik yaratmasa da, mövcud problemləri kəskinləşdirə bilər. Nadir hallarda isə risk qrupunda olan şəxslərdə infarkt və insult ehtimalı arta bilər.
Həkimlər belə günlərdə əhalini daha ehtiyatlı olmağa çağırır. Tövsiyə olunur ki, insanlar kifayət qədər su qəbul etsin, ağır və yağlı qidalardan uzaq dursun, kofein istifadəsini azaltsın və yuxu rejiminə diqqət etsinlər. Həmçinin, xroniki xəstəliyi olan şəxslərin dərmanlarını vaxtında qəbul etməsi vacib sayılır.
Qeyd edək ki, geomaqnit qasırğası Günəşdə baş verən alışmalar nəticəsində yaranır və Yer kürəsinin maqnit sahəsinə təsir edir. Mütəxəssislər bildirir ki, bu cür hadisələr vaxtaşırı baş versə də, hər dəfə insanlarda eyni təsiri göstərmir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız