AZ

Əfsanəvi futbol məşqçisi Mirça Luçesku vəfat edib

Əfsanəvi futbol məşqçisi Mirça Luçesku vəfat edib

Futbol tarixinin ən çox titullu məşqçilərindən biri, rumıniyalı Mirça Luçesku 80 yaşında vəfat edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Luçesku martın sonunda məşq zamanı huşunu itirdikdən sonra təcili olaraq xəstəxanaya yerləşdirilib. Mütəxəssisin vəziyyəti 2025-ci ilin sonundan pisləşibmiş. Soyuqdəymə onun ürək problemini kəskinləşdiribmiş. Yanvarın sonunda Luçesku daha bir dəfə təcili şəkildə hospitalizasiya olunmuşdu.

"Bu gün futbolumuz təkcə parlaq bir taktiki deyil, həm də trikoloru dünya uğurlarının ən yüksək zirvələrinə çatdıran bir ustadı, uzaqgörən bir rəhbəri və milli simvolu itirir. Mirça Luçesku arxasında idman tarixində tayı-bərabəri olmayan nəhəng bir miras qoyub. Oyunçu kimi o, meydanda zəriflik və zəkanın təcəssümü idi, lakin onun əsl dahiliyi məşqçi skamyasında üzə çıxdı. Əlvida, Mirça Luçesku. Rumıniya futboluna verdiyin hər şeyə görə sənə təşəkkür edirik", — deyə Rumıniya Futbol Federasiyasının açıqlamasında bildirilir.

Rumıniya çempionatının bütün divizionlarının növbəti oyunları Luçeskunun xatirəsinə bir dəqiqəlik sükutla başlayacaq.

Luçesku 2016/17 mövsümündə "Zenit"ə rəhbərlik edib, onun rəhbərliyi altında komanda Rusiya çempionatında üçüncü yeri tutub. Bundan əlavə, rumıniyalı mütəxəssis müxtəlif illərdə İtaliyanın "Piza", "Breşiya", "Redcana" və "İnter", Türkiyənin "Qalatasaray" və "Beşiktaş", həmçinin Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" klublarını çalışdırıb.

Onun rəhbərliyi altında "Qalatasaray" Türkiyə çempionatını və UEFA Superkubokunu qazanıb, "Şaxtyor" isə Luçesku ilə səkkiz dəfə Ukrayna çempionu olub. Həmçinin, 2008/09 mövsümündə Luçeskulu "Şaxtyor" UEFA Kubokunu qazanan ilk Ukrayna klubu kimi tarixə düşüb.

Luçeskunun son iş yeri 2024-cü ildən rəhbərlik etdiyi Rumıniya millisi olub. Məşqçi milli komandadan aprelin 2-də ayrılmışdı. Mart ayında Rumıniya millisi 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinal oyununda Türkiyə yığmasına uduzmuşdu (0:1).

Seçilən
9
afn.az

1Mənbələr