AZ

Tacikistan səfiri: “Chakan Fashion Show” ənənələrin müasir dəbdə necə canlandığını nümayiş etdirir

Bakı, 7 aprel, AZƏRTAC

Bu gün biz qardaş Azərbaycanın paytaxtı Bakıda Novruz bayramını qeyd edirik. Burada adət-ənənələrə və mədəni irsə dərin hörməti əks etdirən xüsusi bir ab-hava hökm sürür. Azərbaycan xalqı Novruzu böyük coşqu ilə qarşılayır, çünki bu bayram insanları birləşdirir, yenilənməni, harmoniyanı və həmrəyliyi simvolizə edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon “Chakan Fashion Show: Əsrləri aşan ənənə uçuşu” adlı tədbir çərçivəsində jurnalistlərə müsahibəsində səsləndirib.

Diplomat bildirib ki, Azərbaycan və Tacikistanın Mədəniyyət nazirliklərinin dəstəyi ilə Bakıda Novruza həsr olunmuş mədəni tədbir — tacik dizaynerlərinin milli kolleksiyalarının nümayişi təşkil olunub: “Bu təşəbbüs sayəsində biz tacik milli geyim ənənələrini Azərbaycan ictimaiyyətinə təqdim etmək imkanı əldə etdik”.

Onun sözlərinə görə, üç min ildən artıq tarixi olan ənənəvi əl tikməsi — “çakan” sənəti Tacikistan mədəniyyətində xüsusi yer tutur. 2018-ci ildə bu unikal sənət növü UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib ki, bu da onun yüksək mədəni dəyərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

“Bugünkü tədbirimiz qədim ənənələrin müasir dəbdə necə yaşadığını və yeni nəfəs qazandığını nümayiş etdirmək cəhdidir”, - deyə səfir vurğulayıb.

Müxbir - Günel Alıyeva
Fotoqraf - Nicat Həşimov
Videooperator – Ələkbər Bəxşiyev
Seçilən
31
1
azertag.az

2Mənbələr