AZ

Azərbaycanda on illər əvvəl olan bu adət artıq cinayət sayılır: 5 il iş düşür

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Aprelin 3-də Tovuz Rayon Polis Şöbəsinə rayon sakini olan 19 yaşlı xanımın evlənmək məqsədilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib.Hüquqşünas Şamil Paşayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, adam oğurluğu cinayətdir:“Evlənmək məqsədinin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Yəni, əgər siz bir şəxsi oğurlayırsınızsa, onunla evlənmək və ya onu evinizdə kölə kimi saxlamaq istəməyiniz fərq etmir. Bu əmələ görə ən azı on il azadlıqdan məhrumetmə cəzasına məhkum oluna bilərsiniz. Qadının məcburi nikaha daxil edilməsi, onun öz iradəsinə zidd şəkildə evləndirilməsi məsələsindən danışarkən, cəmiyyətdə “qız qaçırma” kimi tanınan adətə də diqqət yetirmək lazımdır. İctimaiyyət arasında “qız qaçırma” kimi tanınan bu hal, 1960-cı ilin Cinayət Məcəlləsinin 128-ci maddəsində “Qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma”, 129-cu maddəsində isə “Qadını evlənmək məqsədilə oğurlama” kimi nəzərdə tutulmuşdu. Həmin maddələr üzrə müvafiq olaraq 3 il və 5 ilədək azadlıqdan məhrumetmə cəzaları müəyyən edilib”.O deyib ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti CM-nin 144-cü maddəsi - “adam oğurluğu” kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib:“Şəxsin iradəsinə zidd olaraq, istər evlənmək, istərsə də başqa məqsədlə oğurlanması bütün hallarda adam oğurluğu kimi qiymətləndirilir. Əslində, məqsədindən asılı olmayaraq, hətta evlənmək məqsədi ilə belə olsa, şəxsin iradəsinin əleyhinə oğurlanmasının “adam oğurluğu” kimi qiymətləndirilməsi tamamilə düzgündür. Çünki bəzi hallarda evlənmək məqsədilə qız qaçıran şəxslər daha irəli gedərək, qızın ata evinə qayıtmaması üçün ona qarşı zor tətbiq edir, hətta onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə vəziyyətdə cəmiyyətin təzyiqi ilə üzləşən qadın istəmədiyi bir şəxslə yaşamağa məcbur qalır. Təəssüf ki, bəzən valideynlər də bu cinayətin ört-basdır edilməsində iştirak edir, qızlarının qaçırıldığı üçün artıq başqa biri ilə evlənə bilməyəcəyini düşünərək onları arzulamadıqları nikaha məcbur edirlər”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
demokrat.az

1Mənbələr