AZ

Tacik dizayner: “Çakan” kolleksiyası qədim ənənələri və simvolikanı əks etdirir

Bakı, 7 aprel, AZƏRTAC

Novruz zərdüştlük dövrünə gedib çıxan mədəniyyətimizin ayrılmaz hissəsidir. Bugünkü nümayişin əsasını təşkil edən ənənəvi tacik tikiş sənəti olan çakan məhz bu dövrlə sıx bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistandan olan dizayner və rəssam Vays Asoyev “Chakan Fashion Show: Əsrləri aşan ənənə uçuşu” çərçivəsində jurnalistlərlə söhbətində söyləyib.

Onun sözlərinə görə, Novruz kimi çakan da Tacikistanın mədəni kimliyində mühüm yer tutur: “Çakan sadəcə ornament deyil, simvollar dilidir. Hər bir element və hər bir detal dərin məna daşıyır. Naxışlarda təbiətin, kosmosun və kainatın obrazları əks olunur: iri dairələr günəşi, xırda dairələr isə ulduzları simvolizə edir. Bu, xalqımızın dünyagörüşünü və mənəvi irsini ötürən bütöv bir fəlsəfədir”.

V.Asoyev vurğulayıb ki, məhz bu nümayiş üçün xüsusi olaraq hazırlanmış yeni kolleksiyanı qürurla təqdim edib.

O, bu cür mədəni layihələrin gələcəkdə də inkişaf edəcəyinə əminliyini ifadə edib və qeyd edib ki, gələcəkdə tacik tərəfi Azərbaycan mədəniyyətini Tacikistanda, Düşənbə şəhərində təqdim etməyi də planlaşdırır.

Müxbir – Günel Alıyeva
Fotoqraf – Nicat Həşimov
Videooperator – Ələkbər Baxşıyev
Seçilən
15
1
azertag.az

2Mənbələr