AZ

Rusiya Baltik ölkələrini hədələdi: Ukraynanın dron hücumlarına hava məkanı açılsa, cavab veriləcək...

Moskva Baltik regionunda yerləşən NATO üzvü dövlətlərə xəbərdarlıq edib ki, əgər onlar Ukraynaya Rusiyaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlar üçün öz hava məkanından istifadə etməyə icazə versələr, cavab alacaqlar...

Müəllif: Mark Bennetts
The Times Nəşri

Estoniya, Finlandiya və Latviyaya yönəlmiş bu xəbərdarlıq Ukraynanın regionda Rusiyanın əsas neft infrastrukturuna zərbələr endirdiyi bir vaxta təsadüf edir. Kiyev bu addımlarla Yaxın Şərqdəki müharibə səbəbilə qlobal neft qiymətlərinin artdığı şəraitdə Kremlin gəlirlərini azaltmağa çalışır.

Rusiya Telegram kanallarının məlumatına görə, Ukrayna pilotsuz uçuş aparatları gecə saatlarında Baltik dənizində yerləşən Ust-Luqa limanına hücum edib və nəticədə böyük yanğın baş verib. Rusiya neftinin mühüm ixrac mərkəzi olan bu liman 22–31 mart tarixləri arasında ən azı beş dəfə dron hücumuna məruz qalıb.

Kremlə yaxın media və bloqqerlər iddia edirlər ki, Estoniya, Finlandiya və Latviya bu hücumlar üçün Ukraynaya öz hava məkanını təqdim edir. Estoniya bu ittihamları rədd edib, Latviya Moskvanın dezinformasiya kampaniyası apardığını bildirib, Finlandiya isə öz ərazisinin Rusiyaya qarşı hücumlar üçün istifadə olunmadığını vurğulayıb.

“Bu ölkələrə artıq müvafiq xəbərdarlıq edilib. Əgər bu ölkələrin rejimlərində azacıq da olsa ağıl varsa, bunu nəzərə alacaqlar. Əks halda, cavabla üzləşəcəklər”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Son həftələrdə bir neçə Ukrayna dronu Estoniya, Latviya və Finlandiya ərazisində qəzaya uğrayıb. Ukraynanın xarici işlər naziri Andriy Sıbıqa Rusiyanı radioelektron mübarizə sistemlərindən istifadə edərək Ukrayna dronlarını qəsdən Baltik ölkələrinin hava məkanına yönləndirməkdə ittiham edib.

Baltik və Qara dənizlərdə yerləşən digər Rusiya neft obyektləri də dəfələrlə Ukraynanın zərbələrinə məruz qalıb. Reuters Agentliyinin məlumatına görə, bu kampaniya Rusiyanın neft ixrac imkanlarını təxminən 40 faiz azaldıb. Kremlin sözçüsü Dmitri Peskov ötən həftə bildirib ki, Rusiya hərbçiləri bu hücumları təhlil edir və zərurət yaranarsa, cavab tədbirləri təklif edəcəklər.

Estoniya və Latviya 1991-ci ildə Sovet İttifaqının dağılmasından az əvvəl Moskvadan müstəqillik əldə edib və 2004-cü ildə NATO-ya qoşulublar. Finlandiya isə 2023-cü ildə alyansa üzv olub.

Rusiya tərəfindən səsləndirilən bu xəbərdarlıq ABŞ Prezidenti Donald Trampın Avropa ölkələrinin İranla müharibədə Vaşinqtonu kifayət qədər dəstəkləmədiyini əsas gətirərək ABŞ-nin NATO-dan çıxa biləcəyi ilə bağlı hədələrindən sonra verilib. Bu bəyanatlar ABŞ-nin Baltik regionunu mümkün hücumdan qorumağa hazır olub-olmaması ilə bağlı yeni suallar doğurub.

Ukrayna isə bildirir ki, pravoslav Pasxasından – 12 apreldən sonra ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfərini gözləyir. Vladimir Zelenskinin ofisinin rəhbəri Kirill Budanov Bloomberg Agentliyinə açıqlamasında bildirib ki, ABŞ nümayəndə heyətinin tərkibinə respublikaçı senator Lindsi Qrem də daxil olacaq.

Son aylarda Ukrayna ilə bağlı sülh danışıqları dalana dirənib və irəliləyiş ümidləri zəifdir. Zelenski həftəsonu bildirib ki, Yaxın Şərqdə uzanan müharibə Qərbin Kiyevə dəstəyinin azalmasına səbəb ola bilər. “Etiraf etməliyik ki, hazırda biz prioritet deyilik”, – deyə o qeyd edib.

Poliqon.info

Seçilən
17
poliqon.info

1Mənbələr