AZ

"Yeni düzəndə "cəngəllik qanunları" hakim olacaq və biz buna hazır olmalıyıq" - Deputatdan sensasion AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi və siyasi vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında növbəti qeyri-adi çıxışı ilə diqqət mərkəzinə düşüb.
“Bu işləri bitirdikdən sonra Venesuelaya gedə bilərəm. Orada prezidentliyə namizədliyimi irəli sürəcəyəm”, – deyə Amerika lideri qeyd edib. 

Bəs Trampın bu dediyi nə dərəcədə mümkündür?

Milli Məclisin deputatı Tural Gəncəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ Prezidenti Donald Trampın İrandakı vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər dünya gündəmini zəbt edib:

"Şübhəsiz ki, bu bəyanatlar bir-biri ilə ziddiyyət təşkil edən, bəzən bir-birini təkzib edən, beynəlxalq ictimaiyyətdə təşviş və tərəddüd yaradan xarakterdədir. Xüsusilə nəzərə alsaq ki, ABŞ Prezidentinin bəyanatlarında beynəlxalq hüquq və beynəlxalq münasibətlər sisteminə tamamilə zidd olan məsələlər gündəmə gətirilir. Bu cür mətbuat konfransları bir daha sübut edir ki, istər BMT, istər beynəlxalq hüquq normaları, istərsə də digər beynəlxalq təşkilatlar hazırda olduqca effektsiz və işlək olmayan bir vəziyyətdədir. Trampın Venesuela ilə bağlı bəyanatı da eyni dərəcədə diqqətçəkicidir. O, İran ətrafında vəziyyət normallaşdıqdan sonra Venesuelaya gedə biləcəyini, orada prezidentliyə namizədliyini irəli sürəcəyini, hətta ispan dilini öyrənmək niyyətində olduğunu qeyd edib. Bundan əvvəl isə Kuba ilə bağlı olduqca qeyri-adekvat fikirlər səsləndirərək bu ölkənin məsələsini həll edəcəklərini bildirmişdi. Kubalıların böhran içində olduğunu, dövlətçilik ənənələrinin yoxluğunu və ölkənin nəzarətdən çıxdığını iddia etməsi bu yanaşmanın davamıdır".

Millət vəkilinin sözlərinə görə, Venesuela və Kuba ilə bağlı bu çıxışlar təsdiq edir ki, ABŞ-nin hazırkı administrasiyası artıq yalnız güc faktorundan çıxış edir.

"Dövlətlərin suverenliyi və ərazi bütövlüyü tanınmır, beynəlxalq hüququn əhəmiyyəti isə ümumiyyətlə müzakirə mövzusu deyil. Hətta NATO-dakı müttəfiqlərinə qarşı belə qeyri-konstruktiv münasibət sərgiləyən Tramp alyansı "kağız pələng" adlandıraraq ən yaxın tərəfdaşlarını təhqir etməkdən çəkinmir. Məsələn, 1974-cü il müqaviləsi ilə petrodollar sisteminin əsasını qoymuş və dolların dünya hegemonluğunu təmin etmiş Səudiyyə Ərəbistanının hazırkı vəliəhd şahzadəsinə - ölkənin faktiki rəhbərinə qarşı işlədilən kəskin ifadələr buna bariz nümunədir. 50 ildən çox müddətdə ABŞ iqtisadiyyatının dayaqlarını möhkəmləndirən bir müttəfiqə belə münasibət göstərilməsi, administrasiyanın nəinki hüquq normalarına, hətta öz tərəfdaşlarına belə hörmət etmədiyini nümayiş etdirir".

Müsahibimiz əlavə etdi ki, bütün baş verən hadisələr bizə yeni dünya düzəninin formalaşdığından xəbər verir.

"Bu yeni düzəndə beynəlxalq hüquq deyil, məhz güc və zorakılıq faktoru, bir növ "cəngəllik qanunları" hakim olacaq və biz buna hazır olmalıyıq. Azərbaycan güclü bir dövlət kimi 21-ci əsrin ilk yarısından üzüağ çıxmışdır. Biz torpaqlarımızı işğaldan azad edərək yeni bir güc mərkəzinə çevrilmişik. Azərbaycanın bu mürəkkəb geosiyasi şəraitdə apardığı ağıllı, praqmatik və konstruktiv siyasət olduqca önəmlidir. Coğrafi mövqeyimizə nəzər salsaq, həm şimalda, həm də cənubda böyük müharibələrin getdiyini görürük. Belə bir situasiyada sabitliyin qorunması, milli maraqların və təhlükəsizliyin təmin edilməsi dövlətimizin dərin dövlətçilik təfəkkürünün və strateji baxışının nəticəsidir. Belə bir geosiyasi fırtınanın ortasında xalqın rifahını və ölkənin stabilliyini təmin etmək, 44 günlük müharibədəki qələbəmiz qədər böyük bir uğurdur. Ölkə rəhbərliyinin bu çətin vəziyyəti öncədən görməsi və düzgün tənzimləməsi yüksək cəsarət və dərin strateji hesablama tələb edən çox mühüm bir nailiyyətdir", - deyə Tural Gəncəliyev əlavə etdi.

Xədicə BAXIŞLI

Seçilən
53
1
redaktor.az

2Mənbələr