AZ

“İran öz rejimini qorumaq məqsədilə razılığa gələ bilər” -AÇIQLAMA

"Hazırda ABŞ/İsrail və İran arasında müharibə davam edir. Qarşılıqlı olaraq tərəflər bir-birinə irimiqyaslı hərbi əməliyyatlar həyata keçirirlər və əlbəttə ki, gərginliyin total müharibə vəziyyətinə keçmə ehtimalı böyükdür".

Bu fikirləri Redaktor.az-a siyasi şərhçi Çingiz Şahbazi hazırda davam edən ABŞ/İsrail-İran müharibəsindən və tərəflər arasında mümkün ola biləcək atəşkəs ehtimalından danışarkən bildirdi.

Onun fikrincə, tərəflər total müharibə ehtimaldan çəkinirlər:

"Bunun bir çox səbəbləri var. İran rejimə qarşı və onun dəyişdirilməsinə qarşı birbaşa təhlükə olmadıqca, total müharibə riskindən qaçacaq, həmçinin rejimi saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazır görünür. İsrail hakimiyyəti əsasən İranın hərbi və nüvə potensialını tamamilə zəiflətməkdə qərarlıdır və məhz ABŞ-nin yardımından yararlanaraq bu işi sonuna qədər davam etdirməyə çalışır. ABŞ-nin bu istiqamətdə sərt xəbərdarlıq xarakterli bəyanatları olsa da, genişmiqyaslı quru müharibəsinə girməkdə ehtiyat edir. Bu, onun Yaxın Şərqdəki maraqlarına uyğun deyil və bu səbəbdən ABŞ özü qırmızı xətti keçmək istəmir ki, İranı zəiflədərək təslim etsin. Əks halda müharibənin təsiri xüsusilə də regionu iflic vəziyyətə gətirə bilər".

Politoloq vurğuladı ki, vəziyyət daha çox idarəolunan eskalasiya xarakterlidir:

"Tərəflər bir-birinə zərbələr endirir və həmçinin paralel olaraq genişmiqyaslı müharibə riskindən də çəkinirlər. Genişmiqyaslı müharibə riski ehtimalı da hər zaman yüksəkdir. Bu, tərəflərin qırmızı xətti keçməsinə bağlıdır və belə bir vəziyyət olarsa, idarəolunan eskalasiya sürətlə nəzarətdən çıxa bilər. Hazırda davam edən məhdud gərginlik atəşkəs rejiminə keçməyə mane olmur və hətta müvəqqəti və şərti atəşkəs üçün danışıqlar prosesi davam edir. Danışıqlar prosesinə həmçinin müharibəni nəzarətdə saxlamaq öhdəlikləri də daxildir. Bu, əlbəttə ki, müharibənin genişmiqyaslı olmasının qarşısını almaq məqsədi daşıyır".

Ç.Şahbazi qeyd etdi ki, Hörmüz boğazında İranın taktiki blokada tədbirləri də tədricən aradan qalxır:

"Artıq bir çox ölkələrin gəmiləri boğazdan keçirlər və hesab edirəm ki, ABŞ və İran arasında danışıqların davam etdirilməsi nəticəsində bu istiqamətdə işlərin normallaşmasına yardım edəcək. Bu baxımdan ABŞ münaqişəni idarəolunan saxlamaq, İran isə öz rejimini qorumaq məqsədilə razılığa gələ bilər. Əlbəttə ki, İsrailin mövqeyi burada öz təsirini göstərəcək. Zərbələr, daha sonra atəşkəs rejimi və daha sonra yenidən gərginlik və s. istisna olunmur. Bu, ABŞ və İranın mövqeyinə mane olmur. Əksinə, İran rejimi xalq arasında itirdiyi nüfuzu qaytarmaq imkanı əldə edir və belə bir vəziyyət, əlbəttə ki, ABŞ üçün də məqbul hesab oluna bilər. ABŞ region dövlətləri arasında özünün zədələnmiş imicini bərpa etmək imkanı qazanır və əlbəttə ki, geosiyasi maraqlarını genişləndirmək üçün mövcud durumdan faydalanmağa çalışacaq. Yəni atəşkəs sülh yox, daha çox taktiki pauza kimi gözlənilir. Əlbəttə ki, risklər var və tərəflər istəmədən genişmiqyaslı müharibəyə cəlb oluna bilərlər. Bu da atəşkəs ehtimalının sıfıra enməsi ilə yekunlaşa bilər. Bu baxımdan atəşkəs ehtimalı var və indiki mərhələdə daha çox məntiqlidir. Amma, dediyim kimi, mümkün olan və olmayan bütün tətbiq edilən mexanizmlər hər an öz sabitliyini itirə bilər".

Aytəkin TOFİQQIZI

Seçilən
29
1
redaktor.az

2Mənbələr