AZ

Aşağı doğum çəkisi gənc yaşda insult riskini artırır - ARAŞDIRMA

İsveçin Göteborq Universitetinin alimləri aşağı doğum çəkisinin 36 yaşadək insult riskini artıra biləcəyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri Avropada keçiriləcək "Obezite" Konqresində (ECO 2026) təqdim olunacaq.

Araşdırma çərçivəsində 1973–1982-ci illər arasında İsveçdə doğulmuş təxminən 800 min insanın məlumatları təhlil edilib. Alimlər doğum çəkisi ilə yetkin yaşda insult halları arasındakı əlaqəni müqayisə ediblər. Tədqiqat iştirakçıları arasında ümumilikdə 2252 insult hadisəsi qeydə alınıb və xəstələrin orta yaşı təxminən 36 olub.

Nəticələrə görə, doğum çəkisi orta göstəricidən təxminən 3,5 kiloqramdan aşağı olan şəxslərdə gənc yaşda insult riski 21 faiz daha yüksək olub. Xüsusilə beyin qanaması ilə əlaqəli hemorragik insult riskinin isə 27 faiz artdığı müəyyən edilib.

Araşdırmada bu əlaqənin həm kişilərdə, həm də qadınlarda müşahidə olunduğu bildirilib. Lakin kişilərdə risk göstəricisinin daha qabarıq olduğu qeyd edilib. Alimlər hamiləlik müddəti və yetkinlik dövründə bədən çəkisinin təsirini də araşdırıblar, lakin bu amillərin əhəmiyyətli rol oynamadığı vurğulanıb.

Tədqiqatın müəllifləri bildiriblər ki, əldə olunan nəticələr statistik əlaqəni göstərir, lakin birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Bununla belə, aşağı doğum çəkisinin gənclərdə insult riskinin qiymətləndirilməsində nəzərə alınmalı əlavə faktor ola biləcəyi qeyd olunur.

NURİYYƏ

Seçilən
34
1
redaktor.az

2Mənbələr